Siyasət

“Türkiyə Azərbaycana qarşı təxribatlara seyrçi qalmayacaq”

“Türkiyənin müxtəlif televiziya kanallarında Tovuz istiqamətindəki döyüşlərlə bağlı müzakirələr günlərlə davam etdi”.

Bunu “MediaPost”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib.

Onun fikrincə, Türkiyənin tanınmış ekspertlərinin müzakirələrindən bir neçə qənaətə gəlmək mümkündür:

“Birincisi, türkiyəli ekspertlər hesab edirlər ki, son insident Rusiyanın planıdır. Rusiyanın Liviyadakı mövqeləri zəiflədiyindən və Türkiyə Liviyada gücləndiyindən, Kreml bunun əvəzini Türkiyənin Qafqazdakı strateji müttəfiqi Azərbaycana Ermənistan üzərindən zərbə endirməklə çıxmağa çalışıb və bu yolla Ankaraya xəbərdarlıq mesajı göndərib.

İkincisi, türkiyəli ekspertlərə görə, Azərbaycanı zəiflətmək Türkiyəni zəiflətmək deməkdir. Ona görə də Türkiyə necə ki, İraqda, Suriyada və Liviyada hərbi yolla öz maraqlarını müdafiə edir, Mehmetciyin Azərbaycana yardıma getməsi mümkün variantlardan biridir. Bu sırada, Türkiyə ilə Azərbaycan arasında hərbi-strateji əlaqələrin daha üst səviyyəyə qaldırılması gündəmə gətirilir.

Üçüncüsü, onların fikrincə, Fransa da Tovuzdakı insidentdə maraqlı olub. Çünki Fransa Liviyada Türkiyəyə məğlub olub. Fransa üçün Liviyanın itirilməsi illərdir sərvətlərini xortumladığı orta Afrika ölkələrinə çıxış imkanlarını məhdudlaşdırır. Ona görə də dünyada say etibarilə ermənilərin ikinci böyük lobbisi olan Fransa Qafqazda Türkiyənin maraqlarının zəiflədilməsinə çalışır.

Dördüncüsü, türkiyəli siyasi ekspertlər hesab edirlər ki, Tovuzun yaxınlığından keçən neft və qaz boru xətlərinə, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yoluna ciddi təhlükə var. Bu isə birbaşa Türkiyənin təhdid edilməsi deməkdir”.

Politoloqun fikrincə, türkiyəli ekspertlər Tovuzdakı insidentə geniş aspektdən yanaşırlar. Bildiriblər ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ermənilərin təxribatına “Bu hücum Ermənistanın səviyyəsini aşan hadisədir” açıqlaması da arxa planda başqa güclərin olduğuna işarədir:

“Dağlıq Qarabağda 1990-cı illərin əvvəllərindəki müharibədən sonra Azərbaycanla Türkiyə arasındakı strateji əlaqələr yüksələn xətt üzrə inkişaf edib. Türkiyə 1990-cı illərdəki vəziyyətindən fərqli olaraq, hazırda regional gücə çevrilib və Azərbaycana qarşı təxribatlara seyrçi qalmayacaq. Ankarada Azərbaycanın təhlükəsizlik maraqları Türkiyənin təhlükəsizlik maraqları ilə eyni tutulur. Odur ki, əgər xarici güclər Ermənistan üzərindən Azərbaycana hücumlar təşkil edirlərsə, Ankarada artıq bunu Türkiyəyə hücum kimi dəyərləndirirlər. Ona görə də Türkiyə necə ki, öz maraqlarını ətraf ölkələrdə qoruyur, eyni maraqlarını bir nömrəli strateji müttəfiqi saydığı Azərbaycanda da qorumağa hazırdır”.

Bənzər yazılar

Back to top button