ManşetSiyasət

Siyasi partiyalar haqqında yeni qanun layihəsi normaları hədsiz dərəcədə sərtləşdirir

Milli Məclisin saytında siyasi partiyalar haqqında yeni qanun layihəsi dərc edilib. Sənədə əsasən, dövlət qeydiyyatından keçən partiyaların azad fəaliyyəti təmin edilir.

Qarşısına konstitusiya quruluşunun zorla dəyişdirilməsi və hakimiyyətin ələ keçirilməsi məqsədi qoyan, ölkənin ərazi bütövlüyünü pozan, kütləvi iğtişaşlara, terrorçuluğa, dini ekstremizmə çağırış edən, irqi, dini, cinsi, etnik ayrı-seçkilik və ədavəti, sağlamlığa və ətraf mühitə qarşı yönəlmiş hərəkətləri təbliğ edən partiyaların yaradılmasına yol verilmir.

Dövlət qeydiyyatından keçməyən siyasi partiyaların fəaliyyət göstərməsinə icazə verilmir.

Partiya son 20 il ərzində daimi olaraq Azərbaycanda yaşayan ən az 200 vətəndaş tərəfindən təsis edilə bilər. Təsis qurultayında bu vətəndaşlar şəxsən iştirak etməlidirlər.

Partiyanın dövlət qeydiyyatına alınması üçün ən az 10 min üzvü olmalıdır. Partiya üzvlərinin siyahısı dövlət reyestrinə daxil edilməsi üçün təqdim edilməlidir. Reyestrə dəyişikliklər ildə iki dəfə – yanvarın 15-nə qədər və iyulun 15-nə qədər təqdim edilməlidir. Partiyalar parlament, prezident və bələdiyyə seçkilərində ardıcıl olaraq iki dəfə iştirak etmədiyi təqdirdə dövlət qeydiyyatından məhrum edilə bilər.

Üzvün siyasi partiyaya il ərzində ödədiyi üzvlük haqlarının yuxarı həddi 10000 manatdan artıq ola bilməz. Üzvlük haqqının məbləğindən artıq ödənişlər ianə hesab edilir.

Partiyalar dövlət büdcəsindən də maliyyələşdiriləcək. Bu zaman vəsaitin 5 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional bölünür;

vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər bölünür;

vəsaitin 50 faizi Milli Məclisdə siyasi partiyaları təmsil edən deputatların sayına uyğun olaraq proporsional qaydada siyasi partiyalara ayrılır;

vəsaitin 5 faizi Milli Məclisə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisdə təmsil olunan yeni siyasi partiyalara ayrılır.

Qanun qəbul edildikdən sonra 90 gün ərzində partiyalar öz say tərkibini yeni normalara uyğunlaşdırmalı, yəni üzv sayını 10 min nəfərə çatdırmalıdır.

Qeyd edək ki, Azərbaycanda hazırda qüvvədə olan qanun 1992-ci ildə qəbul edilib. Bu qanuna əsasən, partiyanın qeydiyyatı üçün 1 min üzv kifayət edir. Eyni zamanda, hazırki qanun dövlət qeydiyyatından keçməyən partiyaların fəaliyyətini qadağan etmir.

Qanun layihəsini dərc edən Milli Məclis onun təşəbbüskarının hansı orqan olduğunu və yeni qanunun qəbul edilməsi zərurətinin səbəblərini açıqlamır.(Turan)

Bənzər yazılar

Back to top button