Dünya

Rusiya, Ukrayna və Türkiyə taxıl ixracı üzrə sxem hazırlayıblar – Rusiya mətbuatı

Ukrayna, Rusiya və Türkiyə Odessa limanından taxıl ixracı üçün ilkin plan hazırlayıb. Belə ki, Türkiyə Odessa vilayətində sahil sularının minalardan təmizlənməsi ilə məşğul olacaq, Rusiya gəmiləri isə yükləri Bosfor boğazına qədər müşayiət edəcək.

Bizimyol.info xəbər verib ki, bu barədə Rusiyanın “İzvestiya” nəşri məlumat verib. “Sxem isə belə olacaq. Türkiyə hərbçiləri Odessa ərazisində sahil zonasının minalardan təmizlənməsi ilə məşğul olacaqlar. Gəmilər Türkiyə gəmilərinin müşayiəti ilə limandan Qara dənizin neytral sularına, müəyyən edilmiş koordinata doğru yola düşəcək. Ardınca Boğaza qədər onları Rusiya hərbi gəmiləri müşayiət edəcək.”,– “İzvestiya” anonim mənbənin məlumatlarına istinadən yazır.

Mənbənin sözlərinə görə, belə bir yol xəritəsi artıq Türkiyə və Ukrayna ilə razılaşdırılıb və güya ancaq gəmilərin dəqiq marşrutunu müəyəynləşdirmək qalıb. Eyni zamanda, nəşr bu sxemin iyunun 8-9-da təsdiq oluna biləcəyini də istisna etmir.

Ancaq hələlik bu sxemin Ukraynanın iştirakı ilə müzakirə olunduğu barədə məlumat yoxdur.

Bir müddət əvvəl isə, iyunun 8-də Türkiyədə BMT-nin iştirakı ilə danışıqlar aparılacağı barədə məlumat verilmişdi. Qeyd edilirdi ki, danııqlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edəcək.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba isə bildirib ki, Ukrayna ölkə limanlarından taxıl ixracı üçün BMT və üçüncü ölkələrdən zəmanət almalıdır. Çünki, təkcə Kremlin zəmanəti kifayət deyil.

Xatırladaq ki, Rusiyanın Qara dəniz limanlarını təhlükə altında saxlaması üzündən Ukraynadan taxıl ixracı dayanıb və nəticədə dünyada taxıl qıtlığı yaranıb. Rusiya yaranmış vəziyyətdən sui-istifadə edərək sanksiyaların yumşaldılmasına da cəhd edib. Belə ki, Kreml sanksiyaların yumşaldılacağı təqdirdə limanlardan taxılın ixracına imkan verəcəyini bildirmişdi, Amma Ağ Evin sözçüsü Ned Prays bunun mümkün olmadığını bildirib. O, Rusiyanın aclıq təhlükəsindən silah kimi istifadə etmək cəhdini “dəhşətli əməl” adlandırmışdı.

Bənzər yazılar

Back to top button