Hadisə

Bakının bu qəsəbəsindən 4 qızı aparıb xaricdə satdılar

37 yaşlı Elnarə Vladimir qızı Məmmədova Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

AzToday.az-ın Lent.az-a istinadla məlumatına görə, o, insan alverində təqsirli bilinir.

E.Məmmədova barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (insan alveri qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsilə ittiham elan olunub.

Məhkəmənin hökmü ilə Elnarə Məmmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Əldə olunan məlumata görə, E.Məmmədova öz qurbanlarını 2020-ci ilə qədər Türkiyənin Aydın şəhərinə aparıb. Burada onlara işləyəcəkləri ilə bağlı söz versə də, sonradan kişilərlə cinsi münasibət qurmağa vadar edib.

Zərərçəkmiş 4 qızın hər biri Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsində “Sovxoz” adlanan ərazidə yaşayıblar. Onlar 1983-cü il təvəllüdlü S.Q, 1997-ci il təvəllüdlü J.Ə, 1999-cu il təvəllüdlü M.Ə və 1984-cü il təvəllüdlü G.M-dir. Bunlardan yalnız G.M 2017-ci ildə Aydın şəhərinə aparılıb.

Hazırda E.Məmmədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Məhəmməd Əkbərovun icraatına verilib.

Bənzər yazılar

Back to top button