Hadisə

“Azərişıq” 165 mənzilin işığını kəsdi – sakinlər etiraz edir

Paytaxtın Yeni Günəşli ərazisində yerləşən “Sahil İnşaat” MTK-nın sakinləri şirkət rəhbərliyinin dələduz əməllərinə görə həbs edilməsindən sonra öz təşəbbüsləri ilə binada yarımçıq qalan işləri davam etdirirlər.

Sakinlər öz vəsaiti hesabına həm tikintini başa çatdırmağa çalışır, həm də kommunal məsələləri yoluna qoymağa çalışırlar. Amma istintaqın getdiyi bir zamanda “Azərişıq” ASC-nin əməkdaşları binaya elektrik enerjisinin verilməsini dayandırıb. Bu barədə Hit.az-a bina sakini, jurnalist Azər Talıbov məlumat verib.

Onun sözlərinə görə, sakinlər işıq pulu borcunu vaxtı-vaxtında ödədiyi halda “Azərişıq” qeyri-qanuni addım atıb. A. Talıbovun sözlərinə görə, MTK rəhbərliyinin istintaqı başa çatmalıdır ki, texniki şərt alınsın: “Buna qədər isə işıq kəsilməsi qanunsuz hərəkətdir. Üstəlik, bina sakinləri olaraq tikinti işlərinin getməsi üçün pul toplayıb müvəqqəti işıq aldıq, ödəniş etmişik, hətta ”Azərişıq”a 200 manat əlavə də vermişik ki, işimiz dayanmasın. Amma ötən gün gəlib heç bir əsas olmadan işığı kəsiblər. Biz istəyirdik ki, müvəqqəti bu işıqla yarımçıq işləri başa vuraq, sonra texniki şərt alaq. Ancaq ”Azərişıq” 165 ailəni işıqsız qoydu, üstəlik, bizə 200 manat borcludur”.

A.Talıbov deyir ki, sayğac qoyulub və göstərilən borcu da ödəyirik: “Bu özbaşına addıma görə 165 sakin Prezident Administrasiyası qarşısına gedəcək və ”Azərişıq” rəhbərliyindən şikayətini bildirəcək”.

Bənzər yazılar

Back to top button