Siyasət

Müdafiə Nazirliyindəki son kadr dəyişikliklərinin məqsədi nədir?

“Hazırda Müdafiə Nazirliyində həyata keçirilən kadr siyasətinin əsas məqsədi gənc, enerjili və perspektivli insanların vəzifəyə təyin olunmasıdır”.

Bunu “MediaPost”a açıqlamasında Azərbaycan Ordusundakı son kadr dəyişikliklərini şərh edən hərbi ekspert Ramil Məmmədli deyib.

O, nazirliyin Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev vəzifədən azad olunması və Silahlı Qüvvələrin Baş Tibb İdarəsindəki kadr dəyişikliklərini müsbət qiymətləndirib.

Ekspert vurğulayıb ki, ordudakı əsas inkişaf istiqamətlərindən biri də tibb xidmətidir: “Tibb xidməti şəxsi heyətin sağlamlığını təmin edir. Əgər ordu dövlətin təhlükəsizliyinin keşiyində durursa, ordunun da keşiyində tibb xidməti dayanır. Bu mənada kadr islahatları strateji və vacib istiqamətdir”.

R.Məmmədli bildirib ki, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev uzun illərdir ki, tibb sahəsində çalışırdı: “O, bu quruma rəhbərlik edirdi. Onun Silahlı Qüvvələrdən tərxis olunaraq ehtiyata göndərilməsinin əsas səbəbi yaş həddi ilə bağlıdır.

Ümumiyyətlə, orduda bu cür vacib postlarda kadr dəyişikliyinin şahidi oluruq. Bu, əlbəttə ki, müsbət qiymətləndirilməlidir. Çünki bu posta təyin olunacaq adam daha gənc kadr olacaq. Hesab edirəm ki, bu kadr dəyişikliyi də məhz bununla bağlıdır və Silahlı Qüvvələrdə tez-tez belə köklü kadr dəyişikliyinin aparılmasına ehtiyac var”.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamı ilə general-mayor Natiq Əliyev Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovniki Tofiq Tağıyev tutduğu vəzifədən azad edilərək yuxarı vəzifəyə – baş kardioloq vəzifəsinə təyin edilib.

Bənzər yazılar

Back to top button