Siyasət

Azərbaycan, Özbəkistan və Qazaxıstan elektrik enerjisinin ixracı ilə bağlı müzakirə aparıb

Azərbaycan Özbəkistan və Qazaxıstan elektrik enerjisinin Avropaya nəqli imkanlarını müzakirə edib.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov X (keçmiş Twitter) hesabında yazıb ki, müzakirələr noyabrın 14-də Bakıda keçirilən “Mərkəzi Asiyadan Azərbaycan vasitəsilə elektrik enerjisinin ixracı perspektivləri” adlı tədbirdə aparılıb.

“Azərbaycanın energetika naziri, həmkarım Pərviz Şahbazovla birlikdə iştirak etdiyimiz Azərbaycan, Özbəkistan və Qazaxıstanın iqtisadiyyat və energetika sahələri üzrə məsul nazirlərinin üçtərəfli görüşü iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi baxımından əhəmiyyətli olub. Ölkələrimiz arasında bərpa olunan enerjiyə fokuslanan tərəfdaşlığın inkişafı və Mərkəzi Asiya ölkələrindən elektrik enerjisinin nəqli imkanlarını müzakirə etdik”, deyə Cabbarov bildirib.

Xatırladaq ki, Azərbaycan Energetika Nazirliyi tərəfindən 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş güc payının 30 faizə çatdırılması əsas hədəf kimi müəyyən edilib. Bu məqsədlə Bərpa Olunan Enerji Mənbələri (BOEM) hesabına ümumilikdə təxminən 1500 MVt yeni generasiya güclərinin yaradılması nəzərdə tutulub.

2022-ci il ərzində respublikada elektrik enerjisinin istehsalı 28,9 milyard kVt·st təşkil edib. Bu dövrdə elektrik enerjisinin istehsalı Su Elelktrik Sransiyalarında 1595.7 mln. kVt·st, digər mənbələr üzrə isə 349,5 mln. kVt·st olub. İl ərzində külək elektrik stansiyalarında 83,3 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 60,9 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 205,3 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Bərpa olunan enerji mənbələri hesabına istehsal olunmuş elektrik enerjisi ümumi istehsalın təqribən 7 faizini təşkil edib.

Bununla yanaşı, Azərbaycan dünyanın bir sıra tanınmış şirkətləri ilə bərpa olunan enerji istehsalı və tranziti ilə bağlı çoxsaylı sazişlər imzalayıb.

Bənzər yazılar

Back to top button