Siyasət

Ermənistanda ekspertlər Azərbaycandan Naxçıvana gedən yolda hansı rejimin tətbiq ediləcəyini təxmin etməyə çalışırlar

RF XİN başçısı Sergey Lavrovun Ermənistan və Azərbaycan yolları açıldıqdan sonra bu yollarda yerli qanunların tətbiq ediləcəyi barədə bəyanatı Yerevanda açıq-aşkar narahatlıq doğurub.

İkinci gündür ki, ekspertlər və siyasətçilər dəmir yolunda hansı rejimin tətbiq ediləcəyini, rüsumları, yolları kimin qoruyacağını, kimin – Ermənistanın, yaxud Azərbaycanın daha çox mənfəət əldə edəcəyini şərh edir və təxmin etməyə çalışırlar.

Ermənistan rəsmiləri yolların bu ölkənin yurisdiksiyası altında olacağını iddia etməyə davam edir. Yəni Azərbaycandan Naxçıvana gedən nəqliyyat vasitələrini gömrük və sərhədçilər yoxlayacaq.

Bu zaman Laçından Qarabağa gedən yolun azad olacağı iddia edilir. Yerevanda buna niyə bu qədər çox inandıqları aydın deyil. Çünki rəsmi Bakı dəfələrlə bəyan edib ki, hər iki yolda gömrük və sərhəd xidməti olacaq. Ermənilər Laçın dəhlizində belə bir rejim görmək istəmirlərsə, Naxçıvana gedən yolda və ya yollarda da eyni rejim olmalıdır.

Cümə günü Ermənistan parlamentinin xarici işlər komitəsinin sədri Andranik Koçaryan xarici işlər naziri Lavrovun bəyanatını şərh edərkən bildirib ki, nəqliyyat kommunikasiyaları açıldıqdan sonra Ermənistan yollarında Azərbaycan maşınları üçün problem olmayacaq, amma söhbət dəhlizdən getmir.

Gömrük və ya pasport rejiminin tətbiq edilib-edilməyəcəyi barədə suala cavabda Koçaryan deyib ki, sadələşdirilmiş rejim olacaq və Ermənistan bunun əleyhinə deyil. Bununla belə, onun fikrincə, “yol Laçın dəhlizi məntiqi ilə fəaliyyət göstərə bilməz və hazırkı mərhələdə bu, müzakirə edilmir”. (Turan)

Bənzər yazılar

Back to top button