“Qafqaz triosu” haqqında subyektiv fikir

Print Friendly, PDF & Email

Dünən bir sıra hökumətyönlü KİV-lərdə Rüstəm İbrahimbəyovun “Qafqaz triosu” filminə qarşı başlamış sifarişli tənqid dalğası ilə əlaqədar maraq üçün hələ 2015-ci ildə çəkilmiş bu filmi izləməyə qərar verdim.

Xatırladım ki, yerli “xunveybinlər” komandası hamılıqla İbrahimbəyovu milli maraqları satmaqda və ermənilərə işləməkdə ittiham etməyə başlayıb. Amma bu prosesin dirijoru bu dəfə özünü həmişəkindən “daha ehtiyatlı” aparıb. Əvvəlcə tənqidi məqalə rəsmi qəzetdə rus dilində, kino tənqidçisinin adından dərc edilib. Amma nəşrin tonu həddindən artıq aydın idi və dəqiq ünvana – prezident administrasiyasına işarə edirdi.

Bir neçə saat sonra isə “baş ideoloq” Əli Həsənov bütün azərbaycanlılara müraciət edərək, millətin təhqir edilmiş şərəfinə görə İbrahimbəyovu tənqid etməyə çağırıb. Bunun ardınca komandasının digər üzvləri də hücuma keçib…

Youtube-da bu filmi tapıb hakimiyyətin göstərdiyi nöqsanları: ağıllı ermənilər fonunda vəhşi azərbaycanlıları görməyə çalışdım.

Burada süjet haqqında bir neçə söz demək lazımdır, bunsuz hakimiyyəti nəyin bu qədər qəzəbləndirdiyini anlamaq qeyri-mümkündür.

Beləliklə, Bakıli gənc aktyor Moskva səhnəsində çıxış edir. Amma o, ailənin övladlığa götürülmüş oğludur və əsl atası 30 il əvvəl onu tərk etmiş ermənidir.

Oğlan Azərbaycan adı və soyadı daşıyır, evlənib, bir oğlu var.

Və 30 il sonra bioloji atası ondan əsl soyadını qəbul etməyi xahiş edir ki, bu mirasını nəvəsinə qoymaq istəyən zəngin nənənin tələbidir.

Filmin sonrakı hadisələri sərhədin qanunsuz keçilməsi, Bakıda oğlunun etnik erməni olduğunu öyrəndikdə onu öldürdükləri qənaətinə gələn erməni atanın sərhədi keçməsi üçün yüksək vəzifəli məmurların zəngləri ilə detektivi xatırladır.

Bütün bunlar kütlənin ermənilərin düşmənimiz olduğu, Bakıdan rədd olsunlar kimi bəyanatları ilə müşaiyət olunur.

Bu fonda hakimiyyət erməni dostuna kömək etməyə çalışan məşhur neftçi alimi repressiyalara məruz qoyur. Amma təqibin əsl səbəbi alimin hakimiyyətin siyasətini tənqid etməsidir.

Film müəyyən dərəcədə ölkə hakimiyyətinin parodiyasıdır ki, tənqidin əsas səbəbi də məhz bu olub.

Alçaq və məkrli olduğunu deyə biləcəyimiz biri varsa, o, daha çox miras üçün oğlunun həyatını təhlükəyə atmağa hazır olan aktyorun bioloji atasıdır.

Eyni zamanda, erməni oğlanı doğma övladı kimi böyüdən, ona öz soyadını verən atalıq obrazını alicənablığın təzahürü hesab etmək olar. Filmin sonunda ağır xəstə olan azərbaycanlı atalıq erməniyə-bioloji ataya onun ölümündən sonra oğullarının atasız qalmayacağı üçün təşəkkür edir.

Yaxşı, azərbaycanlıların vəhşiliyi və qorxaqlığı bunun harasındadır? Bəyəm bu, ermənilərin üstünlüyünün nümayişidir? Bəlkə də bu, elə azərbaycanlıların haqqında danışmağı çox sevdiyimiz tolerantlığı və alicənablığıdır?

Düşünürəm ki, filmin əsas ideyası insanların insanlığını məhz çətin və ya qeyri-mümkün olduğu hallarda qoruyub saxlamaq qabiliyyətini göstərməkdən ibarətdir.

Ölkə XİN-in və digər dövlət orqanlarının açıq-aşkar erməni milliyyətli şəxslərin ölkəyə girişinin qadağan olduğunu bəyan etdiyini nəzərə alsaq, ermənilər əleyhinə çağırışları vəhşilik təzahürü hesab etmək çətindir.

Çox güman ki, ölkənin ideoloq atalarının qəzəbinin səbəbi filmin əsasını təşkil edən dövlət sisteminin və cəmiyyətimizin mənəvi əsaslarının parodiyasındadır. İstehza, yumor və sarkazm bu günün siyasi gerçəklərini tamamlayır və zənginləşdirir. Və bunda Rüstəm İbrahimbəyovla razılaşmamaq çətindir.

Məqalədə ifadə olunanlar filmə baxmağı tövsiyə edən müəllifin subyektiv və şəxsi fikridir.

Bu da link: https://www.youtube.com/watch?v=rxrt8yk2lCI&t=4772s

Turan.az