İqtisadiyyat

Vergi borcu olan şirkət Maliyyə Nazirliyinə tualet kağızı satacaq

Maliyyə Nazirliyinin keçirdiyi tender müsabiqələrinin qalibləri “NUR-E.A.” və “AZMEP TECHNOLOGIES” MMC-lər olub.

Yeniavaz.com xəbər verir ki, Nazirlik hər iki MMC-dən aldığı xidmətlərə görə ümumilikdə 88 min 357 manat 93 qəpik ödəyəcək.

“NUR-E.A.” MMC Nazirliyə sanitar qovşaqları üçün sərfiyyat materialları satacaq (sanitar qovşağına rulon kağızlar, salfetlər və s.). Bu xidmətə görə MMC-yə 46 min 503 manat 33 qəpik ödəniləcək.

“AZMEP TECHNOLOGIES” MMC isə Maliyyə Nazirliyinin inzibati binasında yanğına qarşı mühafizə sistemlərinin (avtomatik və su ilə söndürmə sistemləri) 2022-ci il ərzində texniki xidmətləri göstərərək 41 min 854 manat 60 qəpik alacaq.

Qeyd edək ki, “NUR-E.A.” MMC-nin bu günə olan məlumata görə dövlət büdcəsinə 55 min 392 manat 84 qəpik vergi borcu var.

“AZMEP TECHNOLOGIES” MMC-nin isə bu günə olan məlumata görə dövlət büdcəsinə 11 min 585 manat 39 qəpik vergi borcu var.

Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.

Məlumat üçün bildirək ki, “NUR-E.A.” MMC 9 yanvar 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 min manat olan MMC Bakı şəhəri, Nizami rayonu, Mirzə Xəlil Şərifli küçəsi, ev 25, m. 221 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Abbasov Etibar Bahadur oğludur.

“AZMEP TECHNOLOGIES” MMC isə 12 iyun 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 166 min 810 manat olan MMC Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsi, ev 5Q, m. 28 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Nursoy Əbdüləziz Nurbala oğludur.

Bənzər yazılar

Back to top button