Siyasət

Azərbaycan Müdafiə Nazirliyi Türkiyə şirkətilə “Su-25” qırıcılarının modernləşdirilməsinə dair sənəd imzalayıb

Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin TUSAŞ şirkəti arasında “Su-25” qırıcılarının modernləşdirilməsinə dair sənəd imzalanıb.

Müqavilə bu gün İstanbulda keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi sərgisi çərçivəsində imzalanıb, “Anadolu” agentliyi bildirib.

Məlumatda deyilir ki, imzalanma mərasimində çıxış edən Türkiyə prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün deyib ki, layihə Türkiyənin idarə olunan silah sistemlərinin inteqrasiyası və avionikanın modernləşdirilməsi fəaliyyətinin Azərbaycan Hərbi Hava Qüvvələrinin silahlanmasında olan təyyarələrə yönəldilməsini nəzərdə tutur.

“Gerçəkləşdiriləcək layihə Azərbaycanla güclü qardaşlıq bağlarımızı daha da möhkəmləndirəcək» , – o deyib.

Turan-ın bu ilin may ayında verdiyi məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 təyyarələri Türkiyə hərbi kompleksi tərəfindən hazırlanmış “Qanadlı naviqator” kompleksilə uğurla inteqrasiya edilib. Türkiyədə keçirilən “Anadolu qartalı -2023” təlimlərində bu sistemin köməyilə “ağıllı bombalar”ın uğurlu atışı həyata keçirilib. Bu barədə TRT dövlət telekanalının köşə yazarı Sertac Aksalın materialında deyilir.

TÜBİTAK-SAGE şirkətinin istehsalı olan “Qanadlı naviqator” idarə olunmayan ümumi təyinatlı MK-82 və MK-83 bombalarını “hava-yer” uzaq mənzilli intellektual hərbi sursata çevirir. Bu bombaların tətbiq məsafəsi adətən 10-15 kilometrdir, lakin qanadlı naviqator quraşdırıldıqdan sonra onlar yüksək hündürlükdən atıldıqda 110 kilometrədək məsafə qət edə bilər.

Türkiyə şirkətləri həmçinin Azərbaycanın Su-25 təyyarələrinin elektronikasını da modernləşdiriblər. Təyyarələrin xidmət müddətini artıraraq onları NATO standartlarına uyğun müxtəlif silah sistemlərilə birləşdiriblər, materialda deyilir.(Turan)

Bənzər yazılar

Back to top button