Cəmiyyət

Saxta balın ziyanları

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi saytının “AQTA maarifləndirir” rubrikası çərçivəsində bu dəfə saxta balın ziyanları haqqında məlumat verilib…

AQTA-dan verilən məlumatda balın çox qiymətli bir qida məhsulu olduğu bildirilib.

Qeyd olunub ki, bal tərkibi çoxlu sayda mineral və vitaminlərlə zəngin olan təam, saysız-hesabsız müalicəvi xüsusiyyətləri özündə daşıyan qiymətli nemətdir. Can dərmanı hesab olunan balın 40-dək növü var. Rəngi və dadı isə toplandığı çiçək və otlardan asılı olaraq dəyişir. Tərkibində 13-20% su, 80%-dən çox karbohidrat, 0,4% zülal, 0,3% kül var. Bundan başqa, üzvi turşular, fermentlər, mineral və vitaminlərlə zənginliyi balı min bir dərdin dərmanına çevirib. Sağlamlığa olan faydaları ilə yanaşı, dadlandırıcı və qoruyucu kimi qənnadı sənayesində də geniş istifadə olunur.

Bal seçiminə həmişə diqqətlə yanaşmaq lazımdır. Yalnız keyfiyyətli, təbii məhsul orqanizmə faydalı ola bilər. Satışda “bal” adı ilə geniş çeşiddə, zövqlə etiketlənmiş bankalar görmək olur. Saxta bal xoşagəlməz yan təsirlərə, müxtəlif xəstəliklərin meydana gəlməsinə səbəb ola bilər. Bəzən məhsulun tərkibində bakteriya, kif və maya göbələklərinə də rast gəlinir. Xoşbəxtlikdən, bakteriya və mikrobların çoxu balda böyüyə və çoxala bilmir, lakin spor əmələgətirən mikroorqanizmlər (Bacillus cereus, Clostridium perfringens) məhsulun tərkibində uzun müddət yaşaya bilər. Saxta balın bir sıra orqanoleptik xüsusiyyətləri təbii balla oxşar olsa da, keyfiyyətli məhsulun tərkibində fermentlər, çiçək tozu və dekstrinlər var. Saxta bal hazırlanarkən şəkərli məhsul (yemiş, qarpız, şəkər qamışı və şəkər çuğunduru), təbii (dazı otu, çay dəmləməsi, zəfəran), yaxud süni rəngləndiricilər istifadə olunur. Hazırlanmış belə məhsula dadının təbii bala uyğunlaşdırılması üçün az miqdarda xalis bal da qatılır. Araşdırmalar nəticəsində müəyyən olunub ki, təbii bal və şəkəri ayıran çox mühüm fərqlər vardır. Şəkər həzm sistemində parçalanaraq qana keçir, lakin təbii bal parçalanmadan sürətli şəkildə qana qarışa bilir.

Şəkər tərkibli saxta məhsul qaraciyərin bəzi funksiyalarının pozulmasına səbəb olur. Bundan başqa, aktiv həyat tərzi keçirməyən insanın normadan artıq şəkər qəbulu bir çox xəstəliklərin inkişafına təkan verə bilər. Bu, məhz xərçəng hüceyrələrinin yaranması, qaraciyər piylənməsi, depressiya və psixi pozğunluqlar, diabet xəstəliyi, normadan artıq çəki, damar tıxanıqlığı, uşaqlarda böyümə hormonlarının ifrazının ləngiməsi və orqanizmin hormonal balansının pozulması, uşaqlarda diqqət dağınıqlığı, dişlərin çürüməsi və buna bağlı böyrək və bağırsaq iltihabları, orqanizmin immun sisteminin zəifləməsi üçün risk amilidir.

Saxta balı həqiqi baldan ayırd etmək üçün el arasında bir çox sınaqlar mövcuddur. Mütəxəssislərin fikrincə, istehlakçıların məhsulun qoxusuna, rənginə və dadına baxaraq keyfiyyətli olub-olmamasını ayırd edə bilməsi mümkün deyil. Təbii məhsulu laborator müayinə nəticəsində mütəxəssislər ayırd edə bilərlər.

Bənzər yazılar

Back to top button