Dünya

SIPRI: Nüvə silahından istifadə ehtimalı heç vaxt olmadığı qədər realdır

35 il ərzində qlobal nüvə arsenalının məhdudlaşdırılmasından sonra dünyada nüvə silahlanma yarışının yeni mərhələsi gözlənilir.

Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) araşdırmasında bildirilir.

SIPRI-nin təhlilinə görə, bu gün nüvə eskalasiyası riski Soyuq Müharibədən sonra ən yüksək həddədir. Buna səbəb Rusiya Prezidenti Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı açıq təhdidləri olub.

SIPRI-nin direktoru Den Smit açıqlamasında deyib: “Son bir il ərzində həm nüvə silahlarına nəzarət, həm də nüvədən imtina sahəsində əhəmiyyətli irəliləyiş əldə olunsa da, nüvə silahından istifadə riski indi Soyuq Müharibənin qızğın vaxtından bəri ən yüksək səviyyədədir”.

Ekspertlərin fikrincə, 9 nüvə ölkəsinin hamısı – Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya, Pakistan, Hindistan, İsrail və Şimali Koreya öz arsenallarını fəal şəkildə modernləşdirməyə başlayıblar.

SIPRI-nin Kütləvi Qırğın Silahları Proqramının baş elmi işçisi və Amerika Alimləri Federasiyası (FAS) Nüvə İnformasiyası Layihəsinin direktoru Hans M. Kristensenin sözlərinə görə, Soyuq Müharibənin bitməsindən sonra qlobal nüvə arsenalının məhdudlaşmasının artıq sona yetdiyini göstərən dair aydın əlamətlər var.

“Nüvə dövlətlərinin hamısı öz arsenallarını genişləndirir və ya modernləşdirirlər. Onların əksəriyyəti nüvə ritorikasını və hərbi strategiyalarında nüvə silahının rolunu təşviq edirlər. Bu, çox narahatedici tendensiyadır”, – SIPRI kütləvi qırğın silahları proqramının direktoru Vilfred Vanq əlavə edib.

SIPRI iddia edir ki, 2022-ci ilin yanvar ayına olan nüvə başlıqlarının ümumi sayı 12 705 olub, onlardan 9 440-ı aktivdir və potensial olaraq hərbi istifadəyə hazırdır. Ötən illə müqayisədə bu rəqəm bir qədər azalıb – 2021-ci ilin yanvarında 13 080 döyüş başlığı olub. Amma bu azalma silahsızlaşma əlaməti deyil – sadəcə ABŞ və Rusiya bir neçə il əvvəl planlaşdırılan köhnəlmiş sistemləri yığışdırıblar. Aktiv döyüş başlıqlarının sayı isə il ərzində praktiki olaraq dəyişməyib.

Dünya nüvə arsenalının 90%-dən çoxu Rusiya Federasiyası və ABŞ-ın payına düşür. SIPRI analitikləri vurğulayırlar ki, bu ilin əvvəlinə Rusiyanın strateji nüvə silahlarından əlavə, 1912 taktiki nüvə silahı da var.

Çin nüvə arsenalını əhəmiyyətli dərəcədə genişləndirməkdədir. Bunu, xüsusən, peyk görüntülərində müşahidə oluna bilən 300-dən çox yeni raket silosunun tikintisi göstərir.

Qərb ölkələri də öz arsenallarını genişləndirir və ya müasirləşdirir. Xəbərdə deyilir ki, İngiltərə 2021-ci ildə də nüvə silahı ehtiyatlarını artırmaq qərarına gəlib. London həmçinin nüvə arsenalı haqqında dəqiq məlumatlar dərc etməyəcəyini açıqlayıb.

Fransa isə 2021-ci ildə ballistik raketlər və nüvə başlıqları ilə təchiz oluna bilən yeni nüvə sualtı qayıqlarının hazırlanması proqramına start verib.(toplum.tv)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button