İqtisadiyyat

“Azergold” QSC ilə “LAB TEST” QSC-nin işbirliyindən şübhələnməmək olmur

“Azergold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Daşkəsən rayonu Çovdar Filiz Emalı sahəsinin Adsorbsiya Desorbsiya Emalı zavodunda mövcud olan avadanlıqların ehtiyat hissələrinin satın alınması üzrə keçirilmiş tender müsabiqəsinə yekun vurulub və 09.06.2022-ci il tarixdə “LAB TEST” Qapalı Səhmdar Cəmiyyəti ilə 625 623.86 manat dəyərində satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulur.

Qeyd edək ki, “Azergold” Qapalı Səhmdar Cəmiyyəti 07.06.2022-ci il tarixdə isə “LAB TEST” Qapalı Səhmdar Cəmiyyəti ilə müxtəlif növ mal-materialların satın alınması üzrə 442 288.11 manat məbləğində satınalma müqaviləsinin bağlanılmasını açıqlamışdı. Yəni iki gün ərzində 1 067 911 manatlıq müqavilə.

Açıq mənbələr üzərindən apardığımız araşdırmalar zamanı “LAB TEST” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət sferası barədə heç bir məlumat əldə edə bilmədik. Xatırlatmaq istərdik ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir. Amma bu QSC-nin sözügedən tenderlərdə qalib olarkən qanunda göstərilən tələblərə əməl olunub, olunmaması sual altındadır.

Qeyd edək ki, Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LAB TEST” Qapalı Səhmdar Cəmiyyətinin 08.10.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, İBRAHİMPAŞA DADAŞOV, ev 52, m. 115, qanuni təmsilçisi kimi isə Sadıxov Anar Ramiz oğlu qeyd olunub.

QSC-nin qanuni təmsilçisi kimi göstərilmiş Sadıxov Anar Ramiz oğlunun barəsində açıq mənbələr yazır ki, o, “Standard İnşurance” Sığorta Şirkətinin İdarə Heyətinin sədri vəzifəsində, həmçinin 11 ildən artıq bank sahəsində müxtəlif rəhbər vəzifələrdə calışıb.

Məlum olduğu kimi “Standard İnşurance” Sığorta Şirkəti 2005 — 2008-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri olmuş Heydər Babayevə məxsus olub. Onu da qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2020-ci il mayın 19-da “Standard Insurance” sığorta şirkətinin lisenziyasını ləğv edib. Görünür Anar Sadıxov “Standard Insurance” sığorta şirkəti ləğv olunduqdan sonra biznes fəaliyyətinə başlayıb. Həm də pis başlamayıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından da göründüyü kimi “LAB TEST” Qapalı Səhmdar Cəmiyyəti cəmi 1 il 8 aydır dövlət qeydiyyatına alınıb. Amma buna baxmayaraq artıq xeyli tenderlərin qalibi olub. Dövlət qeydiyyatına alındıqdan cəmi üç ay sonra ” Bakı Telefon Rabitəsi” MMC-nin keçirdiyi kotirovkaların qalibi olub. Altı ay sonra isə, yəni 18.06.2021-ci il tarixdə, “Azergold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən müxtəlif növ mal-materialların satın alınması üzrə keçirilmiş tenderin qalibi olub və nə az, nə də çox, düz 955 997.86 manat məbləğində dövlət sifarişi alıb. Bu isə o deməkdir ki, “Azergold” QSC ilə “LAB TEST” QSC arasında bir il ərzində ümumi olaraq 2 023 909 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

Dövlət qeydiyyatına alınmasının bir ili tamam olmamış “LAB TEST” Qapalı Səhmdar Cəmiyyəti Gəncə şəhər Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin təsərrüfat mallarının satın alınması üzrə keçirdiyi tenderin də qalibi olub və 116 702 manat məbləğində sifariş alıb.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi “LAB TEST” Qapalı Səhmdar Cəmiyyəti qısa bir müddət ərzində dəyəri yüz minlərlə ölçülən tenderlərin qalibi olub. Hətta 06.06.2022-ci il tarixdə ” DAŞKƏSƏN DƏMİR FİLİZ ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə abadlıq işləri üçün mal-materialların satın alınması üzrə 51 583.7 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Göründüyü kimi “LAB TEST” Qapalı Səhmdar Cəmiyyəti bir dövlət qurumu ilə elektrikli məişət avadanlıqlarının satın alınması üzrə, bir dövlət qurumu ilə təsərrüfat mallarının satın alınması üzrə, başqa bir dövlət qurumu ilə isə manometrlər və onun quraşdırılmasına lazım olan mal-materialların satın alınması üzrə satınalma müqaviləsi bağlayıb. Manometrlərin quraşdırılması demişkən, “LAB TEST” Qapalı Səhmdar Cəmiyyəti 72 810.06 manat dəyərində bu satınalma müqaviləsini “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə bağlayıb.

Bütün bu müqavilələr bağlanarkən heç bir sifarişçi “LAB TEST” Qapalı Səhmdar Cəmiyyətinin maddi texniki bazasını nəzərə almayıb. Həmçinin bu şirkətin müvafiq lisenziyası, əmək müqaviləsi ilə çalışan işçiləri, mühəndis heyəti və digər qanunla nəzərdə tutulan qaydaları nəzərə alınmayıb. Bir il ərzində onlarda tender və kotirovkaların qalibi olmuş QSC-nin ən azından bir veb-səhifəsi belə yoxdur ki, maddi-texniki bazası, imkanları barədə də hər hansı informasiya əldə edilsin.

Aktualinfo.org

Bənzər yazılar

Back to top button