Cəmiyyət

“Birinin haqlarının pozulmasına göz yumsaq sabah onun yerində hər birimiz olacağıq”

“Hüquqi dövlət prinsipləri mövcud olmayan və qanunların insanlara qarşı alət kimi istifadə edildiyi cəmiyyətlərdə ən təhlükəli fəaliyyət sahələrindən biri və bəlkə də birincisi hüquq müdafiəçiliyidir. Bu mənada Azərbaycanda hüquq müdafiəçiliyinin institut olaraq sıradan çıxarılması fenomenal hal deyildi, gözlənilən “qanunauyğunluq” idi”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan təhlükəsizlik orqanının əks-kəşfiyyat idarəsinin keçmiş əməkdaşı, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bildirib.

Ekspert qeyd edib ki, məhz həmin institutun olmaması sayəsində ölkəmizdəki bu gün geniş müzakirə etdiyimiz ağır cinayətlər törədilib:

“Məhz bunun sayəsində ölkədə törədilmiş ağır cinayətlər nəinki açılmır, hətta günahsız insanlar onları törətməkdə şərlənərək saxta ittihamlarla qanunsuz mühakimə olunurlar.

Buna dair onlarla misal gətirə bilərəm, amma elə miqyasına və ağırlıq dərəcəsinə görə təkcə Tərtərdə törədilmiş qətliamı xatırlatmaq kifayət edir. Məsələn, mənim siyasi ekspert olaraq və digərlərinin bu və ya digər cinayətlərin açılmasına göstərdiyimiz səylər təkcə humanizm səbəbindən yox, həm də hüquq-müdafiə institutunun zəifliyindən və ya ümumiyyətlə olmamasındandır.

Bu mənada ölkədə son zamanlar çalışmalara başlamış hüquq müdafiəçilərinin fəaliyyəti alqışlanmalı və dəstəklənməlidir, amma çox təəssüf ki, bəzən bunun tam əksini görürük. Kiməsə hüquq müdafiəçilərinin müxalifətçiləri, kiməsə “İran agentlərini” müdafə etməsi xoş gəlmir və onlara qarşı kampaniya başladılır.

Son günlər müşahidələrimdən gördüyüm “Müdafiə xətti” hüquq-müdafiə təşkilatının hədəfə gətirilməsidir və bu, ağır təəssüf hissi doğurmaya bilməz. Hüququn işləmədiyi, qanunların cinayətkarların əlində alət olduğu şəraitdə özünü odun-alovun içinə atan hüquq müdafəçilərinə belə hücumlar anlaşılan deyil.

Qaldı kimlərin hüquqlarının müdafiəsinə, burda məsələyə şəxsi, ideoloji, siyasi, etnik, dini və s. bucaqlardan yanaşma tamamilə yersiz və hətta təhlükəlidir. Çünki söhbət bir insanın hüquqlarından gedir, onun kimliyindən, şəxsiyyətindən və hətta siyasi baxışlarından da yox. Ən ağır cinayətlər törətmiş şəxsin belə hüquqları pozulduğu halda müdafiə haqqı var. Hüquq dediyimiz ali mədəniyyət budur.

Nəhayət, bu gün hansısa qeyri-hüquqi səbəbdən birinin haqlarının pozulmasına göz yumsaq sabah onun yerində ikinci, birigün – üçüncü, sonda isə özümüz – hər birimiz olacağıq. Çünki ən təhlükəli presedentin yaranmasıdır və ona adekvat reaksiya olmadıqda presedentin qanunuyğunluğa çevrilməsi qaçılmaz olur.

“Dahay” faşist həbs düşərgəsinin qurbanı olmuş alman pastor Martin Nimöllerin dediyi kimi: “Əvvəlcə onlar kommunistlərin arxasınca gəldilər və mən susdum, çünki kommunist deyildim. Sonra onlar sosial-demokratları apardılar və mən susdum, çünki sosial demokrat deyildim, sonra onlar həmkarlar fəallarını apardılar və mən susdum… Onlar məni aparanda artıq səsini qaldıracaq kimsə qalmamışdı””.

Bənzər yazılar

Back to top button