Mədəniyyət

Kinoya ayrılan 6,5 million vəsait nəyə xərclənir? (MÜSAHİBƏ)

Mayın 31-də Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilib. Xalq artisti Rasim Balayevin bu kürsüyə namizədliyi təklifi yekdilliklə qəbul edilib və o, sədr vəzifəsinə seçilib. Qeyd edək ki, AKİ-nin əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyovun martın 10-da vəfatından sonra quruma sədrlik postu boş qalmışdı.

Azərbaycanda iki ictimai kinematoqrafiya təşkilatı fəaliyyət göstərir. Biri 1963-cü ildə təsis edilən Azərbaycan Kinematoqrafçılar İttifaqıdır, o biri isə 2012-ci il iyunun 21-də (Rüstəm İbrahimbəyovun siyasətə qarışdığı və hakimiyyətlə münasibətlərin kəskinləşməsi zamanı) “Nizami” Kino Mərkəzində “Kino və konseptual problemlər” mövzusunda keçirilmiş tədbirdə yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqıdır.

Azərbaycan Kinematoqrafçılar İttifaqına hazırda xalq artisti Rasim Balayev, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına isə digər xalq artisti Şəfiqə Məmmədova rəhbərlik edir.

Bu qurumlardan başqa, bu ilin aprelin 20-də Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Bir sözlə, Azərbaycan kimi kiçik ölkədə bir sahə ilə bağlı 3 qurum fəaliyyət göstərir.

Bu təşkilatların kinonun inkişafına töhfəsi varmı? Niyə son illər dünya səviyyəsinə çıxacaq kinolar ortaya çıxmır? Kinonun inkişafı üçün hər il dövlət büdcəsindən ayrılan vəsaitlər hara gedir?

Kino sahəsində baş verənlər, eyni zamanda Azərbaycan Kinematoqrafçılar İttifaqına keçirilmiş seçkilərdən sonrakı gözləntilər barədə həmin İttifaqın katibi Əlisa Cabbarov TURAN-a müsahibə verib.

* * *

– Əlisa bəy, mayın 31 –də Azərbaycan Kinematoqrafçılar İttifaqına seçkilər keçirildi. Xalq artisti Rasim Balayev sədr seçildi. Və yeni üzvlərin də adları açıqlandı. Yeni üzvlər kimlərdir və onların kino ilə yaxından uzaqdan əlaqəsi varmı?

– Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransında İdarə Heyətinə yeni üzvlər qəbul edildi: sənətşünas Nadir Bədəlov, prodüser Fatimə İbrahimbəyova, professor Qulu Məhərrəmli, kinorejissor Rövşən İsax. Peşə həmkarlarım üçün bu adların təqdimata ehtiyacı olmasa da, sualınıza cavab olaraq bildirim ki, Qulu Məhərrəmli və Nadir Bədəlov kimi intelektuallar İttifaqımıza beyin mərkəzi kimi lazımdır və yaradıcı bioqrafiyalarında onlarla filmin adı var. Fatimə İbrahimbəyova beynəlxalq kino layihələrinin prodüseri, kinorejissor Rövşən İsax isə istedad və peşəkarlığna görə İdarə Heyətinə üzv qəbul edilb.

– Rasim Balayevdən və Kinematoqrafçılar İttifaqından bundan sonra nə gözləyək? Kinonun problemlərini həlli istiqamətində hansı addımlar atılacaq? Bunun üçün səy və iradə varmı?

– Rasim Balayevin yaradıcı şəxsiyyəti və nüfuzu, ilk növbədə həmkarlarımız üçün çox güclü birləşdirici potensialı var. Onun adı ətrafında kinematoqrafçılarımızn birləşməsi mümkündür. Və artıq biz müraciət axınını hiss edirik. İkinci cəhəti hökümət orqanları qarşısında kinonun problemlərinin qaldırılması cəhətdən Rasim müəllimin çox güclü üstünlüyü var. Ona ölkə rəhbərliyi inanır. Üçüncü isə, onun xalq arasında nüfuzudur. Bu da istənilən təşkilat üçün müsbət haldır. Rasim müəllim kinomuzun maraqlarnın daha effektiv qoruyucusu olacağına əminəm.

– Ümumiyyətlə, bu gün kinonun hansı problemləri var? Niyə dünya standartlarına uyğun filmlər ortaya çıxmır? Bunun başlıca səbəbi nədir?

– Birinci problem dövlət yatırımlarının effektiv xərclənməməsidir. Hətta Prezidentin imzaladığı “2008-2018- ci il üçün Kinematoqrafiyanın İnkişafı üzrə Dövlət Proqramı”nın ideal bir yol xəritəsi olmasına baxmayaraq, həmin sənəddə göstərilənlər sabotaj edildi və yerinə yetirilmədi. İndi Kino Agentliyi publik hüquqi şəxsin yaradılacağı elan edildi. Bu güclü bir vasitədir. Amma bu sadəcə vasitədir. Kimin əlində olacağından çox şey asılıdır. Yəni kadr siyasəti. İstənilən halda bu mühüm bir addımdır-ümidlər daha çoxdur, nəinki skeptizm. Rezüme olaraq onu deyim ki əsas problemlər-dövlət vəsaitinin effektli xərclənməsii, ssenarist və prodüser kadrlarının hazırlanmasıdır.

-Kino sahəsinə hər il büdcədən vəsait ayrılır. O pullar hara gedir? Bu sahədə də korrupsiya və yeyinti varmı?

– Hesablama Palatasının hesabatında əyintilər haqda yazılıb. Biz yaradıcı şəxslər işin nəticəsini qiymətləndirirk: 2022-ci ilin yarısıdır və bir dənə də olsun tammaetrajlı bədii film istehsala buraxılmayıb. 6,5 million vəsait bəs nəyə xərclənir? Palata da şəffaflığın olmadığını deyib. Əgər il ərzində 3-5 tammerajlı film, 10-dan artıq qısametrajlı bədii film təhvil verilmirsə, deməli vəsait effektsiz xərclənir.

– Bu yaxınlarda Kino Agentliyi yaradıldı. Bundan başqa Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı var. Bir kiçik ölkə üçün kino sahəsi üzrə 3 təşkilat çox deyilmi?

– Agentlik dövlət qurumudur, İttifaqlar isə QHT. Onların az və çoxluğu müzakirə mövzusu ola bilər. Amma əsas onların işinin nəticəsidir. Agentlik hələ formalaşmayıb. Biz Azərbaycan Kinematoqrafçılar İttifaqı olaraq hər il saytda (https://aki.az/ ) və print formatda hesabat yayırıq. Hesabat rüblük nəşrimizdə də verilir. Əgər hamı bu hesabatlılıq şərti ilə işləsə, kinomuzda QHT-lərin sayının bir və ya on olması fərq etməz, təki işləsin.

– Kinonun problemlərini həll etmək üçün haradan başlamaq lazımdır? Və problemlərin həlli üçün hansı addımlar atılmalıdır?

-İlk növbədə dövlət vəsaitinin xərclənməsi ilə bağlı Hesablama Palatasının hesabatı ilə bağlı ciddi administrativ ölçülər götürməlidir. Sonra ssenarist və prodüser kadrlarının hazırlanmasına və debüt filmləriin çəkilməsinə yatırımlar 2-3 dəfə artırılmalıdır. İlk hədəf istehsalın kəmiyyət göstəricilərinin artmasıdır. İndiki dövlət dotasiyası çərçivəsində. Kəmiyyət keyfiyyətə keçəndən sonra isə dövlət dotasiyasının artırılmasından danışıla bilər.

Bənzər yazılar

Back to top button