Dünya

Gürcüstan və Ukrayna NATO nazirlər görüşündə iştirak edəcək

Bu gün NATO ölkələrinin xarici işlər nazirləri prezident Putinin Ukraynaya qəddarcasına və əsassız təcavüzünü müzakirə etmək üçün Brüsseldə görüşürlər.

Müttəfiqlər tank əleyhinə silahlar, hava hücumundan müdafiə sistemləri və s. verməklə Ukraynaya dəstəyi gücləndirirlər, həmçinin humanitar və maliyyə yardımlarını artırırlar.

Nazirlərə Ukrayna, Finlandiya, İsveç, Gürcüstan və Avropa İttifaqından olan həmkarları, həmçinin NATO-nun Asiya-Sakit okean regionunda tərəfdaşları – Avstraliya, Yaponiya, Yeni Zelandiya və Koreya Respublikası qoşulacaq.

“Gürcüstan və Ukraynanın nazirlər toplantılarının əksəriyyətində bizimlə birlikdə olması bizim üçün çox faydalı oldu. Biz onlarla informasiya mübadiləsi apara bilərik”, – ABŞ-ın NATO-dakı səfiri Culiana Smit brifinqdə Turan-ın sualına cavab verərkən deyib.

“Gürcüstan kimi ölkələr var, amma başqaları da var, Bosniya və Moldovanı qeyd edə bilərik, onlar da bizim tərəfdaşımızdır, onların da əlavə dəstəyə ehtiyacı ola bilər”, – o açıqlama verib.

Rusiyanın Ukraynaya təcavüzü fonunda İsveç və Finlandiya üzvlük xahiş etsəydilər, ABŞ onları alqışlayardı.

Smit xatırladıb ki, yanvar ayında Moskva NATO-nu açıq qapılar siyasətindən imtinaya məcbur etməyə cəhd edib, lakin NATO-nun qapıları açıq qalacaq. “Bu, müzakirə mövzusu deyil”.

Vaşinqton hesab edir ki, Amerikanın NATO-nun şərq cinahında iştirakı daimi ola bilər. Rusiyanın Ukraynaya təcavüzündən sonra ABŞ-ın əlavə qüvvələri Baltikyanı ölkələrə, Polşa, Rumıniya, Macarıstan və Slovakiyaya göndərilib.

Hazırda NATO-da Avropada təhlükəsizlik arxitekturasının və Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar onun necə dəyişəcəyinin öyrənilməsi prosesi gedir. Bu barədə müdafiə naziri Lloyd Ostin bildirib. Bununla bağlı qərar NATO-nun bu ilin iyununda Madriddə keçiriləcək sammitində elan ediləcək.

Bənzər yazılar

Back to top button