DünyaManşet

“Vaşinqton Post”: Bayden ABŞ və Avropanı Rusiyaya qarşı səfərbər edir

ABŞ-ın “Vaşinqton Post” qəzetində ABŞ-ın və onun NATO-dakı müttəfiqlərinin Rusiyanın Ukraynaya ildırım sürətli hücumunun qarşısını almaq üçün diplomatik təmasları gücləndirdiyi barədə yazı dərc olunub. Novator.az saytı “Vaşinqton Post”un müxbirlər qrupunun hazırladığı yazını ingiliscədən çevirərək təqdim edir.

ABŞ prezidenti Cozef Bayden yanvarın 24-ü avropalı liderlərlə video formatda danışıqlar aparıb. Danışıqlar zamanı Rusiya qoşunlarının Ukrayna sərhədində cəmlənməsi fonunda Kremlin Kiyevə qarşı növbəti təcavüzünün qarşısını almağın birgə yolları müzakirə olunub. Rusiya qoşunlarının Ukrayna sərhədinə cəmlənməsi son vaxtlar işğal təhlükəsini daha da artırıb.

Ağ evin yaydığı məlumata əsasən, Baydenlə telefon danışığı zamanı liderlər, o cümlədən Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Boris Conson, NATO və Avropa İttifaqının yüksək vəzifəli rəsmiləri mövcud gərginliyi diplomatik yolla həll etmək niyyətlərini bəyan ediblər.

Onlar həmçinin Rusiyaya qarşı birgə hərəkət etmək, ciddi iqtisadi sanksiyalara əl atmaq məsələlərini, NATO-nun şərq cinahında təhlükəsizliyi gücləndirmək tədbirlərini müzakirə ediblər.

Yanvarın 24-də NATO Şərqi Avropaya daha çox hərbi texnika, o cümlədən gəmi və döyüş təyyarələri göndərəcəyini açıqlayıb. Bayden administrasiyası isə öz növbəsində Avropada müdafiəni təmin etmək məqsədilə 8500 hərbçini yüksək hazırlıq vəziyyətinə gətirib.

Həmin gün Kremlin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında deyib ki, Rusiya NATO-nun hərəkətlərini izləyir və prezident Vladimir Putin ölkənin təhlükəsizliyini və maraqlarını qorumaq üçün adekvat tədbirlər görür.

Video formatda keçirilən görüş zamanı Fransa prezidenti Emmanuel Makron gərginliyi azaltmaq üçün Rusiyaya qəti və inandırıcı xəbərdarlıqlar olunmasını, habelə Avropanın tərəfdaşları ilə müttəfiqləri arasında sıx əlaqə saxlanmasını vacib sayıb.

Dörd güc arasında diskussiyaların davamı kimi yanvarın 26-sı Parisdə Fransa, Berlin, Kiyev və Moskva arasında danışıqlar aparılacaq.

Paris ədətən Avropa diplomatiyasının Vaşinqtondan asılı vəziyyətdə olmamasını istəyir. Ancaq Makronun böhranın həllində Avropa İttifaqının səylərini gücləndirmək niyyətini ortaya qoyması hazırda onunla bağlıdır ki, bəzi Baltik ölkələri indiki məqamda ABŞ-a daha çox dəstək verilməsinə israr edir.

Estoniyanın baş naziri Kaya Kallas bugünlərdə “Financial Times” qəzetinə açıqlamasında “Rusiya üçün ən böyük maneə Amerika bayrağıdır” deyib.

Ukrayna böhranı ilə eyni vaxtda Baltik ölkələrində də gərginlik artır. Belə ki, Moskva 1997-ci ildən bəri NATO-ya qoşulmuş Şərqi Avropa ölkələrində alyansın yerləşdirdiyi bütün hərbi infrastrukturun çıxarılması tələbini qoyur.

Ötən həftənin sonundan ABŞ-la Avropa rəsmiləri arasında Moskvaya münasibətdə fikir ayrılıqları səngimiş hala gəlib. ABŞ-ın dövlət katibi Entoni Blinken avropalı həmkarları ilə son görüşlərində vurğulayıb ki, Vaşinqton Rusiya təcavüzünün qarşısını almaq məqsədilə atacağı növbəti addımlarla bağlı Avropa Birliyi dövlətləri, həmçinin NATO və BMT kimi transatlantik institutları ilə sıx təmasda olacaq.

Ukrayna ilə həmsərhəd ölkə olan Belarusda özlərini “kiberpartizanlar” adlandıran haker qrupu Rusiya qoşunlarının hərəkətinə maneə yaratmaq üçün bu Kremlyönlü dövlətin – Belarusun dəmiryolu şəbəkəsinə müdaxilə edib. Kiberhücumlarla bağlı “Twitter” və “Telegram” platformalarında məlumat yayan qrup dəmiryolunun fəaliyyətinə əngəl yaratmaq üçün serverləri, məlumat bazalarını şifrələdiyini bəyan edib. Qrup bunu belə əsaslandırıb ki, Belarusun dəmiryolu şəbəkəsi “işğalçı qoşunların” hərəkətini asanlaşdırır.

Minsk bəyan edib ki, fevral ayında keçiriləcək iri miqyaslı birgə hərbi təlimlərlə bağlı Rusiya qoşunları Belarusa gəlməkdə davam edir.

Yanvarın 24-ü sosial şəbəkələrdə Rusiya hərbi birləşmələrinin və hərbi texnikayla dolu qatarların Rusiyanın cənubu və Belarus ərazisi boyunca hərəkət etdiyini görüntüləyən video yayılıb.

Kiberpartizanlar tibbi yardıma ehtiyacı olan 50 siyasi məhbusun azad ediləcəyi və Rusiya qoşunlarının Belarusa girişinə qadağa qoyulacağı təqdirdə şəbəkəni normal iş rejiminə qaytaracaqlarını bildiriblər.

Yanvarın 24-ü axşam saatlarına olan məlumata görə, Belarus Dəmir Yollarının saytının bir hissəsi işləməyib, saytın həmin bölmələrində “giriş müvəqqəti olaraq mümkün deyil, lütfən bir qədər sonra cəhd edin” kimi mesaj görünüb.

Bu arada Kanada rəsmiləri bildiriblər ki, ötən həftə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi saytına kiberhücum olub. Hücum Ottavanın kibermüdafiə agentliyinin Rusiyanın dəstək verdiyi təhdidlərə dair xəbərdarlığı ilə eyni vaxta təsadüf edib. Kanada NATO-nun üzvüdür və baş nazir Castin Trüdo Rusiyanın Ukrayna ilə sərhədə güc cəmləməsinə qarşı çıxdığını açıq şəkildə bildirir.

Kanada hökumətinin onlayn təhlükəsizliyinə cavabdeh olan Xəzinədarlıq Şurası Katibliyi kiberhücumlara görə Rusiya subyektlərinin məsuliyyət daşıyıb-daşımadığı barədə suala dərhal cavab verməyib.

Xəzinədarlığın açıqlamasında qeyd olunur ki, hazırda kanadalılar üçün zəruri olan əsas xidmətlər ölkənin Daxili İşlər Nazirliyi vasitəsilə həyata keçirilir: “Kiberhücumun nəticələrini aradan qaldırmaq məqsədilə görülən tədbirlər çərçivəsində bəzi yerlərdə internet kəsilib. Həmin yerlərdə internet xidmətlərini bərpa etmək istiqamətində iş aparılır”.

Gərginliyin aradan qaldırılması yönündə ABŞ Senatındakı çoxluğun lideri Çarlz E.Şumer Bayden administrasiyasından Rusiya ilə Ukrayna arasındakı vəziyyətə dair yuxarı palata üzvlərinə məlumat verilməsini xahiş edib. Xəbər etibarlı mənbədən daxil olub. Mənbənin verdiyi məlumata görə, ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi də aşağı palatanın bütün deputatları üçün oxşar brifinqin təşkil olunmasını xahiş edib.

Administrasiya Ukrayna böhranının diplomatik həllini tapmağa cəhd etdiyi bir vaxtda ABŞ və onun Qərbdəki bəzi müttəfiqləri adətən gözlənilən hərbi əməliyyatlar ərəfəsində həyata keçirilən ehtiyat tədbirləri reallaşdırmağa başlayıblar.

ABŞ öz diplomatlarının ailələrinə Kiyevi tərk etməyi tapşırıb, habelə səfirliyin çox ehtiyac duymadığı əməkdaşlarının Ukraynadan çıxarılmasına qərar verib. Bundan bir gün sonra Böyük Britaniya da bəzi diplomatlarını və onların ailə üzvlərini Ukraynadan geri çağırıb.

Britaniyanın baş naziri Boris Conson televiziya müsahibəsində deyib ki, ölkə kəşfiyyatı Rusiyanın Kiyevə “ildırım sürətli hücum” planlaşdırdığını xəbər verib. Baş nazir Kremli xəbərdar edib ki, hücum fəlakətli nəticələrə, hər iki tərəfdən qurbanların veriləcəyi uzunmüddətli münaqişəyə gətirib çıxara bilər.

Bənzər yazılar

Back to top button