Siyasət

Nyu-Cersili konqresmenlər və senator Qubad İbadoğlunu azad etməyə çağırıblar

Nyu-Cersi ştatından doqquz konqresmen və bir senator Azərbaycanda müxalifətçi və iqtisadçı alim Qubad İbadoğlunun həbsi ilə əlaqədar ABŞ dövlət katibi Entoni Blinkenə müraciət ediblər.

Müxalifətçinin qardaşı Qalib Bayramovun Turan-a verdiyi məlumata görə, müraciətdə “Rutger Universitetinin keçmiş professoru Qubad İbadoğlunun dərhal və qeyd-şərtsiz azad edilməsi üçün bütün diplomatik kanallardan və beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıqdan istifadə etmək” çağırışı yer alır”.

Qanunvericilər Dövlət Departamentindən İbadoğlunun azad edilməsi üzrə aparılan iş haqqında hesabat istəyiblər.

Bayramov qeyd edib ki, İbadoğlunun səhhəti əvvəlki kimi pisləşir, xəstəlikləri artır, ona səmərəli tibbi yardım isə göstərilmir.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

* İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaq ittihamı ilə 3 ay 26 gün müddətinə həbs edib. Azərbaycan DİN-dən İbadoğlu 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlaqəsi olduğunu bildiriblər.

Avqustun 25-də ona qarşı daha bir ittiham irəli sürülüb – “dini ekstremist materialların hazırlanması, saxlanması və yayılması”.

Qubad İbadoğlu ittihamları absurd hesab edir və təkzib edir. Bir çox beynəlxalq təşkilatlar və rəsmi şəxslər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıblar. Avropa Parlamenti İbadoğlunun təqibi ilə əlaqədar Azərbaycan məmurlarına qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Bənzər yazılar

Back to top button