İdman

Aslan Kərimov: “Başqa qapıçıda belə şeyi görə bilməzsən”

Ötən gün UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində “Qarabağ” səfərdə Fransanın “Nant” klubu ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qarabağ”ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov Fanat.Az-a açıqlamasında “köhlən atlar”ın səfər oyunundakı nəticəsi barədə fikirlərini bölüşüb:

“Ümumilikdə gərgin və dramatik oyunun şahidi olduq. Qarşılaşmadan oncə də müsahibələrimdə demişdim ki, Bakıdakı 3:0 hesablı qələbə bizi aldatmamalıdır. Elə həmin oyununun birinci hissəsində də rəqibin gücünü görmüşdük. Sadəcə, qollarımız möhtəşəm idi və bunun sayəsində qələbə qazandıq. Bu nəticəni də əlimizdə bayraq tutaraq deyirdik ki, Fransadakı matçda “Nant”ın aqressiv oyun sərgiləyəcək. Bilirdik ki, onların kiçik şansları olsa belə, bundan maksimum yararlanacaqlar.

Oyuna dörd müdafiəçi ilə başladılar. Amma araşdırsaq görərik ki, Fransa çempionatında rəqiblərinə qarşı 5 müdafiəçi ilə çıxış edirdilər. Yadınızdadırsa, Bakıda da belə oynadılar. Daha çox əks-hücuma bel bağlayırdılar. Bu dəfə isə başqa ssenarinin şahidi olduq. Oyunun elə başlanğıcında irəlidə pressinq etmələri onun göstəricisi idi ki, hədəfləri maksimum qol vurub qalib gəlməkdir. Nominal olaraq iki hücumçu var idi. Amma mənim gözümə sataşan sol vinger oldu ki, o da üçüncü forvard kimi var gücü ilə hücumlara qatılırdı. Pressinq zamanı trio şəklində hücum edirdilər. Fikir verdinizsə, “Qarabağ” da oyunu ələ ala bilirdi. Bu onun hesabına idi ki, meydanın mərkəzində rəqib komandada müəyyən boşluqlar yaranırdı. Həm Qara, həm Ozobiç həm də Riçard bizim hücumların təməlini qoyurdu. Hücumçularımız Zubir və Ovusu birəbir mübarizələrdə rəqiblərini geridə qoya bilirdilər. Qol buraxana qədər bizim üstün oynamağımızın səbəbi rəqibin hücuma xüsusi diqqət ayırması idi. Bundan istifadə edib qol imkanları da yaradırdıq. Oyundan öncə də təxmin edirdik ki, “Nant” hücum futbolu oynayacağı halda, təmsilçimiz üçün əlverişli vəziyyətlər yaranacaq.

Belə bir oyunda Ovusunun qol imkanlarının qaçırmasını da müşahidə etdik. Birinci vəziyyətdə sürətindən istifadə etdi, müdafiəçiləri geridə qoydu və yüz faizli qol imkanını qaçırdı. İkinci vəziyyətdə rəqibdən gələn topu dönərək düz qapıçının üstünə vurdu. Bu da real qol şansı idi. Məncə düşünürdü ki, orada offsayd var və ətalət olaraq topu qolkiperə tuşladı.

Biz artıq belə fürsətlərdən istifadə etməliyik. Birinci il deyil ki, Avropa turnirlərində oynayırıq. Artıq belə epizodları düzgün dəyərləndirmək üçün kifayət qədər təcrübəli olmalıyıq. Bu vəziyyətlərdən yararlanmağın hesabına qazanılır qələbə. Buraxdığımız qola qədər bir neçə belə şansımız var idi. Təəssüf ki, reallaşdıra bilmirdik.

Bunu görən rəqib komanda nə etdi? Məncə, məşqçinin göstərişi ilə onlar düzülüşü dəyişdilər və 4-4-2 sxemi ilə oynamağa başladılar. Yarımmüdafiəçilər artıq çox önə çıxmırdılar.

Rəqib komandanın hər iki forvardı Şahruddinin ayaqla cinahlara ötürmə etməsini nəzərə alıb onu sərbəst buraxırdılar. Bu ideyalarının da bəhrəsini gördülər. Bu epizod haqda çox da danışmaq istəmirəm. Şahruddin ilk qolun baiskarı oldu, amma daha sonra iki inanılmaz seyvlə yadda qaldı. Belə qurtarışlar Şahruddinə xas olan oyundur. Başqa qapıçıda belə şeyləri görə bilməzsən. Bəzən ard-arda bir neçə dəfə “9-luq”dan top çıxara bilər. Bəzən də bu növ səhvləri ilə gündəmə gəlir. Bu cür qeyri-stabil oyun nümayiş etdirdikcə istər-istəməz psixoloji olaraq basqı altına düşür. Çempionlar Liqasının, Avropa Liqasının qalib komandalarının qapıçıları heç “9-luq”dan top çıxara bilmirlər, ancaq sabit oyun nümayiş etdirirlər. Bəlkə bu baxımdan Şahruddin onlardan fərqlənir. Fikrimcə, Şahruddinin bu cür seyvlərinə görə onu bağışlamağa dəyər. Bu, oyundur. Bəzən belə şeylər olur.

Ümumiyyətlə oyunumuzun alınmamasının səbəblərindən biri komandanın futbolçularının psixoloji basqı altına düşməsi idi. Rəqib komandanın təzyiqi, azarkeşlərin təzyiqi, üstəlik, belə bir qolun buraxılması “Qarabağ” üçün bir balaca şok effekti yaratdı. İstədiyimizi alındıra bilmirdik. Zubir cinahda nə qədər aktiv olsa da, Kadi nisbətən passiv görünürdü. Birəbir keçidlərdə zəiflik nümayiş etdirirdi.

İkinci hissədə isə artıq rəqib bizim basqımız altına düşdü. Yaxşı pressinqimiz oldu. Yeri gəlmişkən, onu da qeyd edim ki, Kadi hücum planında nə qədər passiv qalsa da, pressinqimiz aktiv idi. Qazandığımız qol şanslarını təzyiqin hesabına əldə edirdik. Artıq neçənci dəfədir ki, “Qarabağ”ın timsalında belə oyun görürük. Rəqibin hücuma atılmasından faydalanır, bunu onlara qarşı istifadə edirik. Elə Ovusunun yaratdığı qol vəziyyətləri də bu təzyiqlərdən sonra baş verirdi. Ozobiçin qazandığı penalti epizodunu da bura aid edərdim…

Qolumuzu da vurduq. 1:1-dən sonra oyunun məcrası bir az sakitləşdi. Bu hesabdan sonra bizim yenə də qol şanslarımız oldu. Məncə, bir az oyuna köklənmək lazım gəlirdi. Yenə də qeyd edim ki, artıq şanslar yaratmaqla kifayətlənmək yox, qol vurmaq lazımdır. Bu cür hesabda rəqibin irəli atılması gözlənilən idi.

Buraxdığımız qolun təkrarına dəfələrlə baxdım. Qapıya ötürmə zamanı biz 5 nəfərə qarşı 4 futbolçu ilə müdafiə olunurduq. “Qarabağ”ın əksər oyunçuları daha irəlidə idi. Gərək matçın sonlarında düzgün köklənəsən. Ən azı ya ötürməni edən oyunçuya basqı olmalı, ya da cərimə meydanının içindəki say nisbətinə daha çox diqqət ayrılmalı idi.

İstənilən halda, bu oyunu uduzduq. Çox gərgin bir matç keçdi. Mən düşünürdüm ki, biz ən azı heç-heçə edərik. Çünki bu qədər qol imkanlarımızın olacağını və qaçırılacağını düşünmürdüm. Amma təssüf ki, yenidən belə situasiya ilə üz-üzə qaldıq”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button