İqtisadiyyat

Professor: “Üfüqi quyularla hasilatı bir neçə dəfə qaldıra bilərik” (RƏY)

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev son çıxışında Azərbaycanda 2 milyard tondan çox neft hasil edildiyini və bunun tək Azərbaycan üçün deyil, dünyanın bütün digər neft hasilatı ölkələri üçün də böyük rəqəm olduğunu deyib.

SOCAR prezidenti yerin altında hələ hasil oluna bilməyən daha 2 milyard ton neft ehtiyatının olduğuna və mövcud texnologiyaların sərhədlərini genişləndərək daha çox ehtiyatları hasil etmək üçün iqtisadi cəhətdən sərfəli olan yeni yolların tapılmasına vurğu edib.

Məsələni şərh edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADSNU) “Neft-qaz mühəndisliyi” kafedrasının professoru Eldar Süleymanov üfüqi quyularla neft hasilatını bir neçə dəfə qaldıra biləcəyimizi deyib:

“İlk öncə dərin qatlara getmək lazımdır. Dərin qatlar deyəndə 4000-dən 8000 metrə kimi olan dərinliyi nəzərdə tururam. Geoloqlar deyir ki, dərin qatlarda elə Abşerondan başlamış bütün quruda yataqlar var. Bu baxımdan həm dənizdə həm də quruda həmin dərinliklərdə biz hansısa yataqlara rast gələ bilərik. Dənizdə dərin qatlara biz artıq yol açırıq. Lakin quruda biz dərin qatlara getməmişik.

Digər tərəfdən üfüqi quyularla hasilatı bir neçə dəfə qaldıra bilərik. Bir belə quyunun istifadəsi 3-4 şaquli quyunun hasilatın verə bilər. Biz Çıraqda da, Azəridə də, bütün dünyada görürük ki, üfüqi quyular daha çox hasilat verir.

Paralel olaraq ADNSU-nun “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-tədqiqat İnstitutunda geniş tətdqiqatlar aparılır. Burada hasilatın artırılması istiqamətində işlər gedir və mənə elə gəlir ki, nəticəsi də olmalıdır. Lakin daha böyük nəticələr üçün tədqiqatlara daha çox vəsait ayrılmalı, laboratoriyalar isə daha müasir avadanlıqlarla təchiz olunmalıdır”.

Mənbə: marja.az

Bənzər yazılar

Back to top button