Siyasət

Əli Əliyev üçüncü dəfə böhtana görə mühakimə edilib

Cümə axşamı Yasamal Rayon Məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının rəhbəri Əli Əliyevin barəsində böhtana görə növbəti hökmü çıxarıb.

Şikayəti hakim Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri Ramiz Göyüşov xüsusi ittiham qaydasında verib.

Məhkəmə Əliyevi Cinayə Məcəlləsinin 148-ci maddəsilə (təhqir) təqsirli bilib, ona 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Bununla yanaşı, məhkəmə bu qərarı bu ilin yanvar və aprel aylarında Əliyevin barəsində çıxarılmış iki əvvəlki hökmlə birləşdirib, ümumi rejimli koloniyada saxlanılmaqla 12 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Cəza müddəti yanvarın 13-dən hesablanır.

Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib. O, hökmü qanunsuz adlandırıb. İşdə təhqir faktı yoxdur və Əliyev Qöyüşovun hakim partiyadan çıxarılmasına səbəb olan faktlara əsaslanıb.

Bundan əlavə, məhkəmə Əliyevə amnistiya tətbiq etməyib. Məsələ burasındadır ki, Cinayət Məcəlləsinin 148-ci maddəsi (təhqir) 2021-ci ilin noyabrında elan edilmiş amnistiyaya düşüb. Lakin məhkəmə bunu etməyib.

Əliyev özü hökmü siyasi və əvvəlki məhkəmə qərarlarının davamı adlandırıb.

Xatırladaq ki, söhbət hakim partiyanın keçmiş üzvü Ramiz Qöyüşovun iddiasından gedir. 2021-ci ilin sentyabrında Əli Əliyev “Bumeranq” TV-yə videomüsahibəsində onu “dovşan”, “frayer” və “masturbant” adlandırdıqdan sonra Göyüşov Əliyevi məhkəməyə verib. Buna 2021-ci ilin sentyabrında İnternetdə yayılan kadrlar səbəb olub. Həmin kadrlarda Göyüşovun pornovideoya baxdığı görünür. Bu görüntüləri yayan jurnalist həbs olunub, Göyüşov isə partiyadan xaric edilib.

* Əli Əliyev bu il yanvarın 13-də Dövlət Sərhəd Xidmətinin zabiti Emil Cəfərovun şikayəti əsasında böhtan ittihamı (Cinayət Məcəlləsinin 147.1-ci maddəsi) ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Aprelin 15-də məhkəmə Dövlət Sərhəd Xidmətinin digər zabiti Ramin Ədilovun Əliyevə qarşı şikayətini təmin edərək, cəzanın müddətini daha bir ay uzadıb.

İddialara Əli Əliyevin 2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 vertolyotunun qəzaya uğraması nəticəsində sözügedən zabitlərin sağ qalmasının mümkünsüz olması və vertolyotun Rusiya tərəfindən vurulması ehtimalı barədə mətbuata açıqlaması səbəb olub. Ötən ilin noyabrında Dövlət Sərhəd Xidmətinin vertolyotunun qəzaya uğraması nəticəsində bu qurumun 14 zabiti həlak olub, ikisi isə sağ qalıb.

Əli Əliyev hər iki hökmü rədd edərək, həbsini “ölkə rəhbərliyinin siyasi sifarişi” adlandırıb.

Hüquq müdafiəçiləri Əli Əliyevi siyasi məhbus kimi tanıyıblar.

Bənzər yazılar

Back to top button