İqtisadiyyat

Vasif Talıbovun şirkəti ölkədən valyuta çıxardıb?

“Badamlı Mineral Sular” MMC barəsində inzibati protokol tərtib edilib.

Qaynarinfo xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 48-cü maddəsi (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamas) ilə ittiham edilir.

Bu maddədə qeyd edilir ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə tətbiq edilir.

“Az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.

Şirkətlə bağlı protokol baxılması üçün Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz Rayon Məhkəməsinə göndərilib. İş hakim Daşqın Səfərovun icraatındadır.

Aprelin 25-də iş üzrə məhkəmə baxış iclası keçiriləcək.

“Badamlı Mineral Sular” MMC 24 noyabr 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN-dir. Şirkətin qanuni təmsilçisi Axundov Simral Fərəc oğludur.

“Badamlı Mineral Sular” MMC Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun şirkəti kimi tanınıb. Vasif Talıbov vəzifəsindən istefa verdikdən və hakimiyyət komandasında arzuolunmaz fiqura çevrildikdən sonra Elşad Məmmədov adlı sahibkar əslində “Badamlı”nın ona məxsus olduğunu deyib. İş adamının iddiasına görə, Talıbovlar zorla müəssisəni onun əlindən alıblar.

Bəzi iddialara görə, “Badamlı” hələ də Talıbovların nəzarətindədir. Hər halda şirkətin Vasif Talıbovun əlindən alnmasına dair heç bir məlumata rast gəlinmir.

Bənzər yazılar

Back to top button