Hadisə

Vergidən yayınan MTK-ların aylıq ödəniş kələyi:

Bir müddət öncə çoxmənzilli binalarda yaşayan sakinlərin Mənzil Tikinti Korporativləri ilə bağlı bildirdikləri şikayətləri diqqətinizə çatdırmışdıq. Lakin sözügedən MTK-lar edilən etirazlara baxmayaraq, hələ də özbaşına, qanunsuz əməllərə davam edirlər.

Məlumdur ki, MTK-lar binanı tikib təhvil verdikdən sonra da idarəçiliyi əllərində saxlayır, bu azmış kimi istədikləri kimi də kommunal ödəniş haqqı müəyyən edirlər. Hətta bu ödənişləri tələb edilərkən dövlətin mənzil üzərində əsas sənədi sayılan reyestr çıxarışındakı məlumatlara deyil, öz müqavilələrindəki məlumatlara əsaslanırlar. Bu əsaslanma da onların vergidən yayınmalarına birbaşa vasitəçilik edir.

Bu halda vətəndaşlar şikayətlərini kimə bildirməlidirlər? AzToday.az xəbər verir ki, əmlak üzrə ekspert Enur Fərzəliyev Bizim.Media-ya mövzu ilə bağlı münasibətini bildirib. Onun sözlərinə görə, sakinlər öncəliklə müqavilə bağlayaraq, onlara göstəriləcək xidməti qanuni şəkildə bilməlidirlər:

“Mənzilləri müqavilə ilə satdıqdan sonra çıxarışda qeyd olunan məlumatlarla aylıq alınan ödəniş üst-üstə düşmür. Çünki ödəniş əvvəlcədən imzalanan müqavilə ilə götürülür. Nümunə kimi göstərə bilərik ki, 100 kvadrat metr olan ev, çıxarış sənədində 90 və ya bundan da az ölçüdə göstərilir. Nəticədə ev sahibi əlavə pul ödəməyə məcbur buraxılır.

Ümumiyyətlə qiymətlər 20 qəpikdən başlayaraq 1 manat 50 qəpiyə qədər evin hər kvadrat metrinə görə dəyişə bilir. Qiymətin baha olması binanın həcminin kiçik olması ilə bağlı olur. Çünki bu tip evlərdə kommunal xərclər daha çox yığılır.

Başqa bir tərəfindən bəzi binalarda göstərilən xidmətlər böyük olur bu da ödənişə təsir göstərir. Lakin bu qanunsuzluğun qarşısının alınması üçün MTK və ya MMC vətəndaşlardan ödənişləri alması üçün müqavilə bağlamalıdır.

Müqavilə həmin idarəetmə şirkəti və ya komendantın imzası ilə olmalıdır. Həmçinin müqavilədə alınan məbləğə görə, hansı xidmətlər göstərilirsə, onlar öz təsdqini tapmalıdır. Əks təqdirdə, xidməti müqavilə yoxdursa, məhkəmə yolu ilə vətəndaş həmin ödənişləri etməyə bilər. Həmçinin bina sakinləri toplanaraq həmin idarəedən orqanı ləğv edə bilərlər”.

Ekspert həmçinin bildirir ki, haqsız qiymət artımının qarşısı alınması üçün sakinlər özləri müştərək cəmiyyətlərini yaratmalıdırlar:

“Qanunvericilikdə edilən dəyişiklikdən sonra binaların tikintisi bitdikdən sonra maksimum 6 ay ərzində tikinti şirkəti binanı sakinlərə təhvil verməlidir. Sakinlər özləri Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaratmalıdırlar.

Birincisi cəmiyyətin yaradılması ilə bağlı müraciət İqtisadiyyat Nazirliyinə göndərməli və bina sakinlərinin 50% dən çoxu imza çəkərək iştirak etməlidirlər. Bundan sonra onlar Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməlidilər”, – deyə qeyd edən E.Fərzəliyev vətəndaşları bu məsələlərdə diqqətli olmağa, haqlarını tələb etməyə səsləyib.

Bənzər yazılar

Back to top button