Cəmiyyət

Mətbuat Şurasında “Poliqon” jurnalının 10 illik yubiley tədbiri keçirilib – FOTO

Azərbaycanın ilk və yeganə hərbi texnoloji jurnalı olan “Poliqon” (“Azeri Defence”) jurnalının 10 illiyi ilə bağlı iyunun 24-də Mətbuat Şurasında tədbir keçirilib.

Tədbirdə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin (DSX), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) və digər dövlət qurumlarının nümayəndələri, habelə, Azərbaycan və Türkiyənin müdafiə sənayesi şirkətlərinin, Medianın İnkişafı Agentliyinin və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri, eləcə də bir sıra müstəqil hərbi ekspertlər, qəzet və saytların baş redaktorları, həmçinin, “Poliqon” jurnalının təsisçisi mərhum jurnalist Rəşad Süleymanovun ailə üzvləri iştirak edib.

Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin, şəhid jurnalistlərin və “Poliqon” jurnalının təsisçisi mərhum Rəşad Süleymanovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbiri giriş sözü ilə açaraq jurnalın 10 illik fəaliyyəti haqqında məlumat verib. Mətbuat Şurasının sədri jurnalın yaranmasında, fəaliyyətində və inkişaf etməsində Rəşad Süleymanovun misilsiz xidmətlərindən söz açıb. Əflatun Amaşov jurnalın Azərbaycan mətbuatında yerini və rolunu yüksək qiymətləndirib.

Tədbirdə çıxış edən Medianın İnkişaf Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli hərbi jurnalistikada mövcud olan boşluqlardan və bu boşluqların böyük qisminin “Poliqon” jurnalı sayəsində doldurulmasından danışıb. Rəşad Süleymanovun Azərbaycan hərbi jurnalistikasında müstəsna xidmətlərinə toxunan şöbə müdiri “Poliqon” jurnalının ümumən hərbi jurnalistika barədə söz açmaq üçün yaxşı fürsət verir.

Jurnalın hazırkı baş redaktoru Zaur Babaşov tədbir iştirakçılarını salamladıqdan sonra “Poliqon”un 10 illik fəaliyyəti ilə bağlı hesabatla çıxış edib. Baş redaktor jurnalın fəaliyyətinin Azərbaycanla məhdudlaşmadığını Türkiyə, İsrail, İtaliya, Qazaxıstan, Gürcüstan, Cənubi Koreya və Pakistan bazarında unikal mövqeyə malik olmasını diqqətə çatdırıb: “Jurnalın abunəçiləri arasında silahlı qüvvələr, güc strukturları, müdafiə sənayesi müəssisələri və şirkətləri, təhsil müəssisələri, o cümlədən hərbi sahə ilə maraqlanan vətəndaşlar yer alır. Jurnalın hər bir sayı Azərbaycanın Prezident Administrasiyası, Nazirlər Kabineti, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Müdafiə Sənaye Nazirliyi və aidiyyətli digər təşkilatlara göndərilir. Bu, jurnalın Azərbaycanın müdafiə və müdafiə sənayesi sektoru ilə bağlı xəbərlərdə mühüm rol oynamasının rəsmi təsdiqi sayılır”.

Zaur Babaşov hazırda “Poliqon”un Azərbaycanda yeganə hərbi texnoloji istiqamətli jurnal olduğunu, jurnalın ad dəyişimi ilə yanaşı, mövzu və tərtibatında dəyişikliklər olduğunu, texnoloji mövzuların ağırlığının artırıldığını bildirib.

“Jurnalın bugünə kimi Azərbaycan dilində 58 buraxılışı və beynəlxalq sərgilər üçün isə azərbaycan, ingilis və rus dillərində 5 xüsusi buraxılışı hazırlanıb. 10 ildə jurnalın 63 sayı işıq üzü görüb. “Poliqon” jurnalı 10-dan artıq beynəlxalq müdafiə sərgilərinin rəsmi media tərəfdaşıdır. 7 beynəlxalq və regional hərbi nəşrlərlə əməkdaşlıq müqaviləsi və əhəmiyyətli bilgi mənbəyi var. Hazırda jurnalın Türkiyə, Pakistan və Qazaxıstanda təmsilçi ofisi fəaliyyət göstərməkdədir”, – deyə, jurnalın baş redaktoru vurğulayıb.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, Mətbuat Şurasının sədir müavini Umud Mirzəyev “Poliqon” jurnalını Rəşad Süleymanovun “övladı” adlandırıb. O, hərbi sahədə jurnal yaratmağın çətinliyindən danışaraq “Poliqon”u Azərbaycan mediasının nailiyyətlərindən biri hesab edib. Umud Mirzəyev jurnalın yaradılmasında verdiyi tövsiyələrdən də danışıb.

Tədbirdə çıxış edən “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Poliqon”un 10 illik yubileyinin keçirilməsini mərhum jurnalist Rəşad Süleymanovun xatirəsinə ehtiramın bir hissəsi, vəfa borcu kimi qiymətləndirib. Rəşad Məcid mərhum həmkarının peşəkarlığından söz açaraq, onunla bağlı xatirələrini bölüşüb. Baş redaktor hərbi sahədə Rəşad Süleymanovla məsləhətləşmələr aparmasını, ona həmişə ciddi və etibarlı mənbə kimi yanaşdığını bildirib.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı həmkarı Rəşad Məcidin fikirləri ilə həmrəy olduğunu, mərhum jurnalist Rəşad Süleymanovun xatirələrdə ehtiramla xatırlandığını bildirib. Onun sözləinə görə, “Poliqon” etibarlı mənbə kimi daim diqqət mərkəzindədir. O, Rəşad Süleymanovu və onun təsisçisi olduğu jurnalın fəaliyyətini yüksək qiymətləndirib: ““Poliqon” Azərbaycan mətbuatında hərbi sahədə boşluqları doldura bilən mətbu orqandır və bu işin öhdəsindən gəlməyi bugün də bacarır”.

Tədbirdə Türkiyənin ASELSAN şirkətinin Azərbaycanda fəaliyyət göstərən törəmə müəssisəsi olan “ASELSAN Bakı” şirkətinin direktoru Özgür Kürüm “Poliqon”un professional media qurumu olduğunu və əməkdaşlıq etdiklərindən məmnun qaldıqlarını diqqətə çatdrıb: “”Poliqon” hərbi sahədə obyektiv xəbər mənbəyidir. Azərbycan dövlətinə yüksək qatqı verə bilir. Bu heç də asan iş deyil, “Poliqon” bunun öhdəsindən məharətlə gələ bilir”.

Türkiyənin HAVELSAN şirkətinin Azərbaycandakı nümayəndəliyi – “HAVELSAN Bakı” ofisinin rəhbəri Erhan Abdullah Kanat çıxışında bildirib ki, “Poliqon” Türkiyənin yaxından izlədiyi hərbi jurnaldır. O qeyd edib ki, jurnal onlar üçün olduqca faydalıdır. O, HAVELSAN şirkətinin “Poliqon” jurnalı ilə əməkdaşlıq etməsindən məmnun qaldığını ifadə edib.

Tədbirdə çıxış üçün söz verilən APA-nın baş direktoru Nurşən Quliyev Rəşad Süleymanovla uzun müddət bir yerdə çalışdıqlarını, hərbi mövzuda daimi müzakirələr apardıqlarınını, onun təsis etdiyi jurnalın peşəkar media orqanı olmasını dilə gətirib. Onun sözlərinə görə, “Poliqon” hərbi sahədə öz sözünü demiş jurnaldır.

Dövlət Sərhəd Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi polkovnik Nağı Eyvazov “Poliqon” jurnalının 10 illik yubleyi münasibətilə bütün yaradıcı heyəti təbrik edib. İdarə rəisi bildirib ki, digər dövlət orqanları kimi DSX də “Poliqon” jurnalı ilə səmərəli əməkdaşlıq edir və bu əməkdaşlıq bugün də uğurla davam etdirilir. Polkovnik Nağı Eyvazovun sözlərinə görə, “Poliqon”un verdiyi informasiyalar sərhədçilər arasında böyük marağa səbəb olur: “Ölkəmizin hüdudlarının ən ucqar sərhəd zastavalarında belə bu jurnal şəxsi heyət tərəfindən maraqla və mütəmadi oxunulur”. İdarə rəisi qeyd edib ki, “Poliqon”un səhifələrində yer alan Azərbaycanda və xaricdə istehsal edilən yeni texnologiya və silahlar, eləcə də Azərbaycanın qalib ordusunun nailiyyətlərinin işıqlandırılması böyük marağa səbəb olur.

Tədbirdə çıxış üçün söz verilən “Qaziler.az” saytının baş redaktoru Rey Kərimoğlu da öz növbəsində Rəşad Süleymanovun hərbi sahədəki peşəkarlığından, “Poliqon” jurnalının Azərbaycan üçün misilsiz xidmətlərindən söz açıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi polkovnik Rövşən Qaracayev “Poliqon” jurnalının 10 illiyi münasibətilə Dövlət Xidmətinin rəisinin və əməkdaşlarının təbrikini çatdırıb, uğurlar arzulayıb.

Mətbuat Şurasının icraçı katibi Şəmsəddin Əliyev “Poliqon”un hər nömrəsində Vətənə məhəbbət ruhunun çox güclü şəkildə özünü büruzə verdiyindən danışıb.

Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin mətbuat xidmətinin baş redaktoru Albina Ramazanova bildirib ki, Rəşad Süleymanov “Poliqon” jurnalını çətinliklə ərsəyə gətirib, bu sahədə xidmətləri yüksək qiymətləndirilməlidir.

Hərbi jurnalist, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov təklif edib ki, “Poliqon” jurnalının təsisçisi Rəşad Süleymanovun adı əbədiləşdirilsin. Ehtiyatda olan polkovnik bildirib ki, “Poliqon” jurnalının Azərbaycan üçün əvəzsiz xidmətləri var. Üzeyir Cəfərov jurnalist Rəşad Süleymanovun ölümündən sonra DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin onun ailəsi ilə görüşməsinindən, qayğıları ilə maraqlanmasından söz açıb. Onun sözlərinə görə, Rəşad Süleymanovun kiçik övladı Fateh Süleymanov Xidmət rəisinə jurnalist olacağını bildirib. Buna görə, general-polkovnik atasının yolunu davam etdirəcək Fateh Süleymanova qızıl qələm bağışlayıb.

Hərbi ekspet vurğulayıb ki, Mətbuat Şurası Rəşad Süleymanovu heç vaxt unutmasın. O, təklif edib ki, Mətbuat günü və ya hansısa əlamətdar gün ilə əlaqədar “Poliqon” jurnalının təsisçisi Rəşad Süleymanovun adı əbədiləşdirilsin: Əminəm ki, dövlət başçısı da bu məsələyə müsbət yanaşacaq. Rəşadın fəaliyyəti Azərbaycanla məhdudlaşmır. Rəşad Türkiyə, Pakistan və digər ölkələrdə beynəlxalq müdafiə sənayesi sərgilərində iştirak edərək “Poliqon” jurnalı vasitəsilə Azərbaycanı yüksək səviyyədə təmsil edirdi”.

Ehtiyatda olan polkovnik güc strukturlarının əməkdaşlarına üzünü tutaraq bildirib ki, Rəşad Süleymanovun adının və jurnalın yaşadılması üçün imkan daxilində bu jurnala abunə olsunlar və ya abunə saylarını artırsınlar: “Bizim yüz minlərlə abunə yazılmaq imkanımız var. “Poliqon” dəyərli və vacib jurnaldır”.

Ehtiyatda olan polkovnik bildirib ki, “Poliqon” jurnalının Azərbaycan üçün əvəzsiz xidmətləri var.

“Mənə elə gəlir ki, bu tədbir Rəşadın adının yaşadılması istiqamətində ilk və vacib addımlardan biridir. Tədbirlərin davamlı olmasını arzu edərdim. İmkan varsa, Füzulidə də belə bir tədbirin keçirilməsi pis olmazdı. Biz harda olacağıqsa, Rəşad ruhən bizimlə orda olacaq”, – deyə Üzeyir Cəfərov bildirib.

Bundan başqa, Üzeyir Cəfərov Azərbaycanda jurnalistlər üçün kursların deyil, hərbi jurnalistika fakültəsinin yaradılmasının vacibliyini diqqətə çatdırıb: “Biz hər il iki nəfəri Moskvaya göndərməklə hərbi jurnalistika məsələsini həll edə bilmərik. Biz öz imkanlarımızdan istifadə etməliyik”.

Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri Ramil Məmmədli “Poliqon” jurnalının yaradılmasından, mövqeyindən söz açıb, jurnalın məqsədlərindən danışıb. R.Süleymanovla birgə “Azeri defence” jurnalının yaradılmasına əmək sərf etmiş jurnalist Ramil Məmmədli “Poliqon” junalını Azərbaycan müdafiə sənayesinin arxivi adlandırıb: ““Poliqon” Azərbaycan Ordusunun imkanlarını nümayiş etdirən sənəddir”.

Azərbaycanın AZELTECH müdafiə sənayesi şirkətinin direktoru Samir Süleymanov çıxışında bildirib ki, “Poliqon” AZELTECH şirkətinin məhsullarının koordinasiyası və tanıdılmasında böyük rol oynayıb.

“Dinc Dünya” Araşdırmalar Mərkəzinin rəhbəri Əlisafa Mehdiyev bildirib ki, Rəşad Süleymanov Mərkəzin keçirdiyi hərbi təlimlərdə hələ tələbə ikən mütəmadi iştirak edib. Əlisafa Mehdiyev mərhum jurnalistə istiqamət verdiyini, motivasiya etdiyini və sonradan ondan məsləhətlər aldığını xatırladıb. O bildirib ki, Rəşad Süleymanov “Poliqon” jurnalı ilə hərbi jurnalistika sahəsini institutlaşdırıb: “Hərbi texnologiya sahəsində indiyə qədər Azərbaycanda Rəşad kimi ekspert olmayıb”.

Sonda çıxış üçün söz “Poliqon” jurnalının yaradıcısı Rəşad Süleymanovun atası Məhəmməd Süleymanova verilib. Məhəmməd Süleymanov oğlunun həyatından, jurnalist yaradıcılığından, “Poliqon” jurnalının ərsəyə gəlməsində sinə gəldiyi çətinliklərdən danışıb.

Tədbirin sonunda Mətbuat Şurasının sədri Əflatun Amaşov “Poliqon” jurnalının 10 illik yubileyi ilə bağlı hazırlanmış diplomu Rəşad Süleymanovun övladlarına təqdim edib. “Poliqon” jurnalının müxtəlif nömrələri tədbir iştirakçılarına paylanılıb.

Bənzər yazılar

Back to top button