DünyaSiyasət

Politoloqun şərhi: “Trampın 52, Ruhaninin 290 rəqəmlərinin öz mənası var…”

İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələri üzrə komandiri, general Qasım Süleymaninin yanvarın 3-də ABŞ hərbi qüvvələri tərəfindən İraqın paytaxtı Bağdadda öldürülməsindən sonra ABŞ və İran arasında münasibətlər özünün pik həddinə çatdı. Gərginlik bundan sonra hara qədər inkişaf edə bilər, müharibə ehtimalı nə qədərdir və baş verəcəyi təqdirdə nəticələr hansı miqyasda ola bilər, Yaxın Şərqdə geosiyasi vəziyyət necə dəyişəcək, Azərbaycan və Türkiyənin bu məsələdə mövqeyi və s. bu kimi suallar ətrafında politoloq Vüqar Zifəroğlu ilə söhbətləşdik.

Qaynarinfo politoloqla müsahibəni təqdim edir:

– İran generalı Qasım Süleymaninin öldürülməsindən sonra rəsmi İraq ABŞ-dan ərazisindəki canlı və texniki hərbi qüvvəsini çıxartmağı tələb etdi. Bu tələbin arxasında hansısa bir siyasi güc dururmu? Yoxsa bu, sadəcə İranın könlünü almaq üçün atılmış diplomatik addımdır?

– İlk növbədə onu qeyd eləmək lazımdır ki, əslində İraqın indiki məqamda belə bir tələblə çıxış etməsi anlayışla qarşılamalıdır. Dünən gecə olan proseslər də onu göstərdi ki, hazırda ABŞ və İran qarşıdurması üçün İraq ən münbit poliqon rolunu oynamağa başlayıb. Təbii ki, bu mənada İraqın belə bir tələblə çıxış etməsi müəyyən mənada normal qarşılanmalıdır. Amma burda eyni zamanda başqa bir məqam var. Bu məqam hazırda İraqda iqtidarda olan qüvvələrin siyasi baxışı ilə bağlıdır. Bugünki İraq hökuməti İrana daha yaxın hökumətdir. Bu mənada bu tələbi həm də İranın siyasi iradəsinin təqdimi kimi qəbul etmək olar. Bildiyimiz kimi, İran rəsmiləri də son bir neçə gündə açıq şəkildə hədəfin məhz ABŞ qoşunlarının İraq ərazisindən çıxarılmaq olduğunu dilə gətirirlər. Bu mənada, əslində, belə başa düşmək olar ki, bəli, burada İraq həm müəyyən qədər İranın maraqlarını nəzərə alır, həmçinin öz ərazisinin ABŞ-İran qarşıdurmasında poliqon kimi istifadə olunmasından narahatlıq keçirir. Çünki ABŞ-ın İrana vurduğu zərbə, ABŞ-a cavab zərbəsi məhz İraq ərazisində baş verir. Və bundan sonra da hələ proseslərin hansı məcrada davam edəcəyini söyləmək bir qədər çətindir. Şübhəsiz ki, bu qarşıdurmada İraq əsas, vacib amillərdən biri olacaq. Bunu dəqiq söyləmək olar.

– Tramp İraqda tikilən hərbi bazaya görə xərclənmiş milyonlarla dolların geri qaytarılacağı təqdirdə ölkədən çıxacağını bildirib. Hətta düşünsək ki, İraq lap deyək, İranın yardımıyla o pulu ödədi, ABŞ öz qoşunlarını İraqdan çıxararmı?

– Düşünmürəm ki, İranın o məbləği ödəmək üçün İraqa hər hansı ekonomik bir şəkildə dəstəyi ola bilər. Çünki hazırda İranın özünün iqtisadiyyatı dağılmış vəziyyətdədir. Bildiyimiz kimi, İrana çox ciddi, həttə mən deyərdim, öldürücü sanskiyalar tətbiq olunur. Faktiki olaraq bu sanksiyaların nəticəsində iqtisadiyyatı nəinki zəifləyib, hətta çox dağınıq vəziyyətdədir. Və bu mənada İranın İraqa kömək etməsi versiyasına şübhəylə yanaşıram. İranın elə bir iqtisadi və ya maliyyə potensialı yoxdur ki, İraqa bu formada kömək edə bilsin. Amma başqa bir tərəfdən də İraqın özünün bu vəsaiti ödəməsinə də real baxmaq olmaz. Və bütün bu məqamları nəzər alan ABŞ-da məhz ödənişin ediləcəyi təqdirdə qoşunlarıını geri çəkəcəyini bəyan edib. Çünki bilirlər ki, bu ödənişin edilməsi qeyri-realdır. Amma istənilən halda Amerikanın indiki məqamda İraq ərazisindən qoşunlarını geri çəkməsinin özü də inandırıcı deyil. ABŞ prezidenti Trampın “qoşunlarımızı geri çəkməyimiz o demək deyil ki, biz Yaxın Şərqdəki maraqlarımızdan imtina edirik” deyən dünənki açıqlamasını xatırlasaq görərik ki, faktiki olaraq Qasım Süleymaninin vurulması ilə Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə var olduğunu və öz geosiyasi hədəflərinə doğru mübarizəsini davam etdirdiyini əyani şəkildə göstərdi. Yəni, vəziyyətin belə gərginləşməsi fonunda ABŞ-ın qoşunlarını geri çəkəcəyi ehtimalı həddindən artıq zəifdir. Müşahidələr də onu göstərir ki, ABŞ bunun əksini edir. Regiona əlavə qüvvələr yeridilir və o, faktiki olaraq öz hərbi məntəqələrini gücləndirmək əzmindədir.

– ABŞ dünən İraqdan çıxmaqla bağlı Koalisiya Qüvvələrinə göndərilən məktubunu dərc edir, sonra Esper bunun yanlış olduğunu, əslində qaralama variantı olduğunu bəyan edir. Bunu nəbz yoxlamaq kimi yozmalıyıq, ya ABŞ-da İranla bağlı fikir birliyinin olmaması kimi?

– Ümumiyyətlə, Amerika Birləşmiş Ştatlarında istər Tramp administrasiyasının Yaxın Şərq siyasəti ilə, istərsə də İranla bağlı fikir ayrılıqları mövcuddur. Biz bu fikir ayrılıqlarını zaman-zaman müşahidə etməkdəyik. Hətta mən belə deyərdim ki, son bir il ərzində bu fikir ayrılıqları bəzən çox gurultulu, səs-küylü istefalara da gətirib çıxarıb. Bunu həm də ABŞ siyasi elitasında Yaxın Şərq və İranla bağlı məsələlərdə ciddi fikir ayrılıqları kimi də qeyd etmək olar. Faktiki olaraq vəziyyətin gərginləşməsi, ABŞ-İran məsələlərinin daha kəskin məcraya qədəm qoymasında heç də hamı Trampla həmrəy deyil. Prinsip etibarı ilə bunu eyni zamanda müəyyən bir fikir ayrılıqları kimi də qəbul etmək mümkündür.

– Sırağagün mediada bir informasiya yayıldı ki, Senat Trampın İranla bağlı hərbi fəaliyyətini məhdudlaşdıran bir qərar hazırlayır. Bunu necə başa düşmək olar?

– ABŞ-da Yaxın Şərqdə qarşıdurmaların kəskin xarakter almasında maraqlı olmayan kifayət qədər tərəf var. Eyni zamanda Tramp administrasiyasının yürütdüyü Yaxın Şərq və İran siyasəti ilə də bağlı razılaşmayan kifayət qədər ciddi qüvvələr var. Onların bu məsələdə müəyyən mənada qərarlar qəbul etməsi gözlənilən bir haldır. Bunu da nəzərə almaq lazımdır ki, burda təkcə İran deyil, Rusiya, Türkiyə, İsrail, ərəb ölkələri ilə bağlı ciddi nüanslar var. Bunların hamısı əslində Yaxın Şərq siyasətində nəzərə alınmalı məqamlardır və bəlkə də bölgənin belə mürəkkəb, belə qarışıq olmasınında əsas səbəb məhz bir çox maraqların toqquşması və həddindən artıq çoxşaxəli olmasından irəli gəlir.

– Həm İranın, həm ABŞ-ın qızğın bəyanatlarını sadəcə daxili publikaya hesablanmış saymaq olarmı?

– Bəli olar. Hətta belə qeyd edərdim ki, dünən gecə İranın İraq ərazisindəki ABŞ iki hərbi bazasına yeritdiyi raket zərbələrinin özü də daxili auditoriyanı müəyyən mənada sakitləşdirməyə yönəlik əməliyyat kimi qiymətləndirilə bilər. Bildiyimiz kimi, rəsmi məlumatlara əsasən, bu raket zərbələri nəticəsində ölən əsgər yoxdur, Amerikanın elə bir itkisi qeydə alınmayıb.

Eyni zamanda ABŞ-dan gələn son açıqlamalar da bunu göstərir ki, maksimum dərəcədə yumşaltma mövqeyi sərgiləməklə, tərəflər müəyyən mənada artıq proseslərin səngiməsində və gərginliyin azalmasında maraqlıdırlar. Çünki bu qarşıdurmanın daha üst səviyəyə qalxması və daha çox kəskinləşməsi gələcəkdə bu iki ölkənin açıq şəkildə müharibəyə girməsinə səbəb ola bilər ki, bu ölkələrin heç birinə sərf etmir və marağında deyil. Və müharibə baş verərsə, bu, həddinnən artıq ciddi və dağıdıcı fəsadlara gətirib çıxara bilər. Artıq müəyyən mənada həm ABŞ, həm də İran tərəfindən daxili auditoriyanı sakitləşdirəcək addımların atılmasının şahidi oluruq.

Donald Trampın, Cavad Zərifin dünənki açıqlaması, eyni zamanda dünən gecə səhərə yaxın endirilən raket zərbələrinin nəticələri onu deməyə əsas verir ki, artıq maksimum dərəcədə bu münasibətləri yumşaltmağa doğru addımlar atılır.

– ABŞ İranın XİN şefinə BMT-nin təhlükəsizlik şurasının iclasında iştirakı üçün viza verməkdən imtina edir. İran ABŞ-ın az qala bütün rəhbərlərini terrorçu elan edir. İran ABŞ-dan çox ağır qisas alacağını deyir, Tramp dərhal İranın 52 obyektini vuracaqlarını bildirir. Bu senarilər hara qədər inkişaf edə bilər?

– Belə deyək, bu, daha çox diplomatik həmlələrdir. Məsələn, 52 hədəfin müəyyənləşməsi ilə bağlı Tramp tərəfindən səsləndirilən bu bəyanat, bildiyimiz kimi, 1979-cu il “İslam İnqilabı” zamanı ABŞ səfirliyində məhz 52 diplomatın 400 gündən artıq girov götürülməsinə işarə olaraq söylənilən bir rəqəm idi. Ondan sonra da İran prezidenti Ruhani əlavə 290 rəqəmini qeyd etdi. Bu da 1988-ci ildə İrandan (Bəndərabbasdan) Dubaya uçan sərnişin təyyarəsinin ABŞ Dəniz Qüvvələri tərəfindən vurulması nəticəsində həlak olan sərnişinlərin sayına bərabər bir rəqəmdir. Belə deyək ki, bu formada diplomatik ritorikanın olması da əslində təbii sayıla bilər. Faktiki olaraq Qasım Süleymaninin öldürülməsi ilə nəticələnən addımın atılması doğurdan da çox kəskin bir addım idi və İranın da belə bir reaksiya verməsi gözləniləndi.

Onu da qeyd edim ki, bunun ardınca Trampın başına 80 milyon dollar pul mükafatı təyin ediləməsi, Mehdi məscidində İranın tarixində ilk dəfə qırmızı bayrağın (müharibə bayrağı) qaldırılması, ardınca ABŞ hərbçilərinin terrorçu elan edilməsi, Cavad Zərifə vizanın verilməməsini müəyyən mənada kəskin diplomatik ritorikanın tərkib hissələri kimi qiymətləndirə bilərik. Və bu ritorika da müəyyən müddət ərzində getməli idi. Amma indi biz əksinə bunun səngiməsinin şahidi olmaqdayıq. Faktiki olaraq istər Trampın, istərsə də Cavad Zərifin dünənki açıqlaması onu deməyə əsas verir ki, tərəflər bu konfliktin daha da kəskinləşməsində maraqlı deyillər və məsələnin daha ciddi mənfi fəsadlara gətirib çıxaracağının fərqindədirlər.

– Əgər məsələlər müharibə mərhələsinə çatarsa, real hərbi güclər nisbətində onun nəticələrini, yekununu necə təsəvvür edirsiz?

– Bu, çox dağıdıcı və nəticələri yalnız İran və Amerika üçün deyil, region ölkələri, hətta aktiv geosiyasi maraqları olan bütün ölkələr üçün öz mənfi fəsadlarını göstərəcək. Təsadüfi deyil ki, son 3 gündə Avropa Birliyinə üzv ölkələr maksimal dərəcədə vəziyyətin daha stabil xarakter almasına və hətta vasitəçilik misiyasını üzərlərinə götürməklə bağlı müəyyən təkliflər verir və məsələdə aktivlik göstərməyə çalışırlar. Eyni zamanda elə Rusiyanın, Türkiyənin mövqeyi də bu səpgidəndir. ABŞ-İran müharibəsi baş verərsə, bölgədə bunun təsir etməyəcəyi bir ölkə təsəvvür etmək çətindir. Ancaq mən bu müharibənin olacağını istisna edirəm.

Birbaşa ABŞ-İran müharibəsi olmayacaq və bunun olmasına ehtiyac da yoxdur. Çünki ABŞ və İranın bir-birinə gücünü göstərməsi üçün kifayət qədər münbit, Yaxın Şərq adlı geniş bir poliqon var. Burda söhbət İraqdan (artıq İraqda biz bunun şahidi oluruq), Suriyadan, Yəməndən, Livandan gedir. Yəni belə deyək ki, bu ölkələrdə İranı dəstəkləyən kifayət qədər ciddi hərbi qruplaşmalar var və eyni zamanda müəyyən mənada ABŞ-ın da bu ölkələrdə müəyyən kontingenti var. Yəni onların bir-birilə qarşı-qarşıya gəlməsi üçün həmin ölkələr bəs edir.

– Son günlərdə baş verən bütün bu hadisələrin nəticəsi həm dünya, həm ABŞ, İran və İraq üçün nə ola bilər? Məsələ hansı mərhələyə qədər uzadıla bilər?

– Bunu hazırda tam şəkildə proqnozlaşdırmaq çətindir. Amma bir daha təkrar edirəm, indilikdə görünən budur ki, müəyyən mənada məsələ səngiməyə doğru gedir. Çünki tərəflər vəziyyətin kəskin xarakter almasına razı deyil və bunun nəticələrinin ağır olacağını bilirlər. Mən belə hesab edirəm ki, münasibətlərdə yumşalmaların şahidi ola bilərik. Yeri gəmişkən, ABŞ-ın İranı təkrar masaya dəvət etməsi, Avropa ölkələrinə müraciət edərək yeni bir müqavilənin hazırlanması üçün təklif verməsi, buna dəstək verməyə hazır olduğunu bildirməsi onu göstərir ki, mövqelərdə müəyyən qədər yumşalma var.

– Azərbaycan və Türkiyənin bu siyasi böhranda tutduğu mövqeyi necə qiymətləndirirsiz?

– Azərbaycan və Türkiyə öz milli maraqlarından çıxış edən ölkələr olaraq ABŞ və İran qarşıdurmasının baş verməsi və ya kəskinləşməsində maraqlı deyillər. Çünki İran qonşu, eyni zamanda İran müəyyən mənada həm bizim, həm də qardaş Türkiyə üçün kifayət qədər ciddi strateji əhəmiyyətə malik bir ölkədir. İranın əhalisinin önəmli bir hissəsi məhz Azərbaycan türkləridir. Təbii ki, bu mənada Azərbaycan və Türkiyə İranda vəziyyətin kəskinləşməsi və ya müharibə baş verməsində maraqlı ola bilməzlər. Elə Türkiyə prezidenti dünən Rusiya prezidenti ilə görüşdə də konkret şəkildə münasibətini bildirdi. Ərdoğanın məsələnin yüksək səviyyədə məcrasına salınması ilə bağlı təkliflər verməyə hazır olduqlarını bildirməsi, eyni zamanda dəstək nümayiş etdirməyə hazır olduqlarını bəyan etməsi əslində onu göstərir ki, mövqeləri nədən ibarətdir.

Bənzər yazılar

Back to top button