Dünya

Sabiq spikerə qarşı cinayət işi açıldı – “Məqsədim ölkəni qorumaq olub”

Ukraynanın sabiq parlament sədri Andrey Porubiyə qarşı cinayət işi açılıb.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Dövlət İstintaq Bürosu Parubiyi 2014-cü ilin mayında Odessa şəhərində baş vermiş iğtişaşların təşkili və idarə edilməsində günahlandırır.

Xatırladaq ki, 2014-cü il mayın 2-də Odessada baş verən iğtişaşlarda 48 nəfər ölmüş, 250 nəfər isə yaralanmışdı. Ölənlərin əksəriyyəti Həmkarlar İttifaqının binasında qərarlaşan rusiyapərəst qüvvələrin təmsilçiləri olub.

Parubiy isə öz sosial şəbəkə səhifəsində ona qarşı cinayət işinin qaldırılmasına etirazını bildirib. Və deyib ki, həmin dövrdə onun əsas məqsədi “Ukraynanın cənub-şərqinin Putin Rusiyasının hibrid işğalından qorumaq” olub. O, əlavə edib ki, etdiklərinin hamısı Ukraynanı qorumaq üçün olub və bundan sonra da eyni yolu davam etdirəcək.

İstintaq orqanı isə iddia edir ki, Porubiy silahlı qrupların yaradılmasında və onların Odessada törətdikləri iğtişaşların idarə edilməsində, yönləndirilməsində iştirak edib.

Onu da qeyd edək ki, hazırda yeni Radanın deputatı olan A.Porubiy Zelenski hakimiyyətinin qatı əleyhdarlarından biri kimi tanınır və Pyotr Poroşenkonun partiyasında sabiq prezidentdən sonra ikinci şəxs sayılır.

Bənzər yazılar

Back to top button