AnalitikaGündəmManşetSiyasət

NBM

Son günlər – aprelin 23-də Azərbaycanın Laçın yolunda Həkəri çayı üzərindən keçən sərhəd körpüsünün yaxınlığında nəzarət-buraxılış məntəqəsi təsis etməsindən sonra NBM abbreviaturasından ATƏT-in dondurulmuş Minsk Qrupuna üzv dövlətlərin beynəlxalq leksikonunda tez-tez istifadə olunur.

Bu tədbir Yerevanın bir gün əvvəl birtərəfli olaraq körpünün Ermənistan ərazisindəki tərəfində NBM təsis etmək addımına cavab kimi əsaslandırılmışdı. Əlbəttə, bu, dəfələrlə Ermənistandan Qarabağa silah və hərbiçilərin keçməsi problemini xatırladan Bakının çoxdan hazırlaşdığı cavab addımları üçün formal bəhanə idi. NBM təsis edilməsi ərəfəsində Qarabağda Azərbaycana məxsus hərbi yük maşınının ermənilərin basdırdığı minaya düşməsi bu zəmini gücləndirib.

NBM ilin əvvəlindən, yanvarın 17-də Ermənistanın “Qrapark” nəşri Qarabağ separatçılarının lideri Araik Arutyunyanın Qarabağın erməniləri məskunlaşan ərazisində “parlament deputatları” ilə qapalı görüşü haqqında məlumat yaymasından sonra aktuallaşmışdı. Arutyunyan Bakının Laçın dəhlizini açmaq üçün tələblər irəli sürdüyünü bildirib. Bu tələblər belə idi: Ruben Vardanyan vəzifədən azad edilsin, “Kaşen” (“Qızılbulaq”) yatağında iş dayandırılsın; Laçında Rusiya NBM-də rentgen skanerləri quraşdırılsın və orada Ermənistandan Qarabağa və əks istiqamətdə yük daşımalarına nəzarət edəcək Azərbaycan nümayəndəsi iştirak etsin.

Bundan başqa, 44 günlük müharibə başa çatdıqdan sonra aparılmış ağır hərbi texnika Qarabağdan çıxarılmalı idi.

Həmin vaxt Ermənistan tərəfi tələbləri qəbul etməyib.

Amma, buna baxmayaraq, Bakı hələ NBM təsis edilməzdən əvvəl Vardanyanın vəzifədən kənarlaşdırılmasına və yataqda işlərin dayandırılmasına nail olub. NBM məsələsi də Rusiya NBM-də Azərbaycan nümayəndəsinin məhdud iştirakdından Azərbaycan Respublikasının tamamilə müstəqil NBM-nə çevrilib.

Dondurulmuş Minsk Qrupunun iştirakçısı olan ölkələrin reaksiyası siyasi aksentləri ilə fərqlənirdi – Fransanın NBM təsis edilməsini kəskin şəkildə pisləməsindən Birləşmiş Ştatların narahatlığını ifadə etməsinə qədər.

Rusiya həmişəki kimi Ermənistan və Azərbaycan arasında 44 günlük müharibənin başa çatmasına dair 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın icrası məsələsini xüsusi vurğulayıb. Amma ümumilikdə bütün məsələ Laçın dəhlizindən yüklərin və insanların hər iki istiqamətdə sərbəst hərəkətinin təmin edilməsindən ibarət idi.

Bu gün Ermənistan və Azərbaycanın müharibədən iki ildən çox zaman keçməsinə baxmayaraq, suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması haqqında sülh sazişi bağlamaması ilə əlaqədar üçtərəfli bəyanat Ermənistan və Azərbaycan arasında müharibədən sonrakı dövrdə münasibətləri tənzimləyən yeganə sənəddir.

Bu sənədin məntiqi nöqteyi-nəzərdən Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri pozmayıb və indiyədək Laçın dəhlizindən mülki yüklərin və insanların hər iki istiqamətdə hərəkətini təmin edib. Amma 2020-ci il müharibəsi başa çatdıqdan sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 292 azərbaycanlı minaya düşüb və onlardan 51-i həlak olub. Üçtərəfli Bəyanata əsasən, “Azərbaycan Respublikası Laçın dəhlizindən vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə hərəkət təhlükəsizliyinə zəmanət verir”.

Müharibədən sonrakı tarix bu təhlükəsizliyin təmin edildiyini və yolun bu hissəsində nəqliyyat vasitələrinin və insanların məhv edilməsi və ya onlara zərər yetirilməsi hallarının olmadığını təsdiq edir. Bəyanat mətnindən aydın şəkildə görünür ki, yolun təhlükəsizliyi məsələsi məhz Azərbaycana həvalə olunub. Bəyanata əsasən, Rusiya qoşunları dəhliz boyunca yerləşir, bu da yola Azərbaycan tərəfindən bilavasitə nəzarətin qəbul edilməsi deməkdir.

Amma Bəyanatın Naxçıvanın Azərbaycanın qalan hissəsi ilə nəqliyyat əlaqəsinin açılmasına dair bir mühüm müddəası yerinə yetirilməyib. 9-cu bənddə deyilir ki, “Ermənistan Respublikası Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsinə nəzarəti Rusiya FTX Sərhəd Xidmətinin orqanları həyata keçirir”.

Yerevan bu öhdəliyi müxtəlif bəhanələrlə açıq-aşkar sabotaj edir, bu MQ-yə həmsədr ölkələrin qınaq və narahatlıq predmeti deyil.

Yaxın gələcəkdə biz Laçında NBM təsis edilməsinin nəticələrini görəcəyik. Bu yeni vəziyyətdə Azərbaycanın ekoloji fəallarının dörd ay ərzində ictimai NBM rolunu yerinə yetirdikləri yoldakı aksiyalarını dayandıracaqlarını gözləmək olar. Həmçinin, NBM amilinin Ermənistan tərəfin Bakı ilə əlaqələrdə konstruktivlik dərəcəsini artıracağını gözləmək olar.

Ermənistanın baş naziri Nikol Paşinyan getdikcə daha çox əminliklə erməni cəmiyyətinə, xüsusən də Qarabağda, beynəlxalq ictimaiyyətin Qarabağın ermənilər məskunlaşan ərazisini Azərbaycanın tərkib hissəsi kimi tanıması reallığını qəbul etmək zərurətini aşılayır. Aprelin 19-da Ermənistan parlamentində çıxış edən Paşinyan qeyd edib ki, Azərbaycanla sülh müqaviləsini mümkün qədər tez bağlamağa səmimi şəkildə səy göstərir. “Təsdiq etmək istəyirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycanın da Ermənistan SSR-in bütün ərazilərini Ermənistan Respublikası kimi tanıyacağına ümid edirik”.

Mehman Əliyev

Turan.az

Bənzər yazılar

Back to top button