Cəmiyyət

Şagirdlərə “mərsiyə” tədris edən müəllimənin işi Təhsil Nazirliyində araşdırılır

Azərbaycan məktəblərindən birində müəllim və şagirdlərin iştirakı ilə “din” təbliğatı adı altında növbəti biabırçı görüntülər ortaya çıxıb. Yevlax rayon məktəblərinin birində çəkildiyi iddia olunan görüntülərdə hicablı müəllimin müşayiəti və şagirdlərin dili ilə İmam Zamana həsr olunmuş “Salam Fərmandeh” (Salam komandir) mahnısı ifa olunub.

Videodakı sinif otağında II Qarabağ savaşında şəhid olan oğullarımızın fotoları və müəllimin masası üzərində tərsinə qoyulmuş Azərbaycan bayrağı da xüsusi diqqət çəkib.

Sosial şəbəkələrdə hər iki məqam hörmətsizlik kimi dəyərləndirilib. Şəhidlərin fotolarından ibarət stend qarşısında hicablı müəllimin təxribatlı addımı ictimaiyyətdə birmənalı qarşılanmayıb. Şagirdləri dini təbliğata alət edən və dövlət bayrağına hörmətsizlik sərgiləyən pedaqoq sərt tənqid edilib.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Bizim.Media-ya açıqlamasında məsələdən xəbədar olduqlarını və faktın araşdırıldığını bildirib.

Təhsil eksperti Kamran Əsədovun isə bildirib ki, son 2 ilin araşdrmalarına görə Azərbaycan məktəblərində çox biabırçı hadisələr baş verir:

“Hazırda məktəblərdə baş verənlər insanı dəhşətə gətirir. Bura təhsil ocağıdır, kiminsə məqsədinə xidmət edən məkan deyil. Bu gün məktəblərimiz müəyyən dini cərəyan və qruplaşmaların oyuncağına çevrilib. Biri gəlir məktəbdə dini klip çəkir, digəri başqa iş görür. Bu onu göstərir ki, təhsili idarə edənlər məktəbləri özbaşına buraxıb. Bir tərəfdən repititorlar, digər tərəfdən kurslar, o bir tərəfdən isə dini cərəyanlar uşaqları dartıb aparır. Ümid edirəm ki, uşaqları öz istəklərinə qurban verənlər ciddi cəzalandırılacaqlar”.

Xatırladaq ki, Azərbaycan Respublikası Konstitusiyasının 18-ci bəndinin üçüncü hissəsində, Azərbaycan Respublikasında dövlət təhsil sisteminin dünyəvi xarakter daşıması öz əksini tapıb.

Eyni zamanda “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası qanununun 6-cı maddəsi dini təhsilə həsr olunub. Qanunda da göstərildiyi kimi, dini təhsilin ali və orta ixtisas təhsili kimi verilməsi mümkündür. Bu isə, yalnız qanuni lisenziya ilə tədris oluna bilər.

Eyni zamanda, dini qurumlar tərəfindən də xüsusi kursların yaradılması yalnız, müfaviq icra hakimiyyətlərinin icazəsi ilə mümkündür.

Ümid edirik ki, nazirlik görüntülərin hansı məktəbdə çəkilməsindən asılı olmayaraq müvafiq tədbirlər görəcək.

Bənzər yazılar

Back to top button