Dünya

Pentaqon: Ukraynalılar özlərini qəhrəmancasına müdafiə edirlər

Ukraynaya əlavə olaraq dörd ədəd yüksək mobil artilleriya raket kompleksi göndəriləcək, bu barədə bazar ertəsi axşam ABŞ-ın yüksək vəzifəli nümayəndəsi jurnalistlərə bildirib, xəbəri TURAN-ın Vaşinqtondakı müxbiri verib.

“Biz bu yardımı mümkün qədər tez ukraynalılara çatdırmaq üçün əlimizdən gələni edirik və görürsünüz, ukraynalılar təkcə bizim sistemlərimizdən deyil, bütün dünyadakı tərəfdaşlarımızın və müttəfiqlərimizin silahlarından da səmərəli şəkildə istifadə edirlər”, deyə mənbə bildirib.

Prezident Co Bayden NATO-nun İspaniyada keçiriləcək sammitində Amerika qoşunlarının Polşada qalması müddətinin uzadıldığını elan etməlidir. Bazar ertəsi G7 liderləri Rusiyanın ticarət mərkəzinə raket zərbəsi endirməsini, heç bir günahı olmayan dinc insanların həlak olmasını qınayaraq, Putinin və təqsirkarların “məsuliyyətə cəlb ediləcəyini” bildiriblər.

“Biz Ukrayna ilə birlikdə bu amansız hücumun günahsız qurbanlarının yasını tuturuq. Günahsız insanlara kor-koranə hücumlar cinayətdir”, deyə G7 liderlərinin birgə bəyanatında bildirilir.

Pentaqonun məlumatına görə, son iki gündə Ukrayna ərazisinə 60-ya yaxın raket zərbəsi qeydə alınıb. Ən çox Kiyev, Lvov, Çerniqov və Odessaya zərbə endirilib.

Ruslar Donbasda müəyyən uğurlar əldə etsələr də, Lisiçansk şəhərini mühasirəyə ala bilməyiblər. Ukraynalılar şəhər ətrafında inadlı müqavimət göstərirlər.

Ukraynalıların tərk etdiyi Severodonets şəhərinə gəlincə, onlar hazırlığı daha yüksək olan mövqelərə keçiblər və müdafiəni davam etdirirlər. Pentaqonda olan məlumata görə, ruslar kiçik əraziləri zəbt ediblər, amma çox sayda qüvvə itirirlər. “Ukraynalılar onlara çok kiçik torpaq sahəsinin əvəzini ödəməyə məcbur edirlər. Yüzlərlə ukraynalı kifayət qədər ciddi döyüşdə rus ordusunun qarşısını almağa davam edir. Bu, Ukrayna əsgərlərinin və onların rəhbərliyinin dözümlülüyünü göstərir”, deyə Pentaqon nümayəndəsi əlavə edib.

Bənzər yazılar

Back to top button