Cəmiyyət

Turları satıb, səhifəni silirlər, tapmaq da olmur – Azərbaycanda turizmə zərbə vuran məqamlar

“Azərbaycan turizmi əvvəlki illərə nisbətən inkişaf edib. Bu inkişaf 2015-ci ildən xarici turistlərin – iraqlıların axını ilə başlayıb”.

Bu sözləri Bakupost.az -a açıqlamasında turizm məsələləri üzrə ekspert Əziz Şiriyev deyib.

Bildirib ki, xarici vətəndaşların ölkəmizə səfəri maliyyə axınıdır və iqtisadi inkişafa müsbət təsir göstərir:

“Amma biz qonaqları qarşılayırıqsa, tuzim sahəsindəki bəzi diqqət olunmalı nöqtələri bilməliyik. Birincisi, xidmət sahəsidir. Restoran, hotel, ticarət mərkəzlərində turistə diqqət edilməlidir və yüksək xidmət göstərilməlidir. Lakin qiymət artımına yol verilməməlidir.

İkinci məsələ, bələdçilərlə bağlıdır. Bəzən tur rəhbəri ilə bələdçini qarışdırırlar. Tur rəhbəri turu istiqamətləndirən şəxsdir. Bələdçinin isə müəyyən öhdəlikləri var. İlk növbədə, bələdçilər tariximizi, coğrafiyamızı mükəmməl bilməlidir. Turizm, ümumiyyətlə, diplomatiya işidir, uzunmüddətli strategiyaya söykənir. Məsələn, turist Qubada Xınalığa gedir. Bələdçi oraya ilk dəfə gedirsə, yolu kimdənsə soruşursa, bu qeyri-peşəkarlıqdır. Üçüncü məsələ, danışdığı xarici dildir ki, o, dili səlis bilməlidir. Tərcümədə adi bir söz bütün ifadəni dəyişə billər. Ən vacibi isə bələdçinin vətənpərvər olmasıdır. İstənilən halda sosial məsələləri turistin qarşısına çıxarmaq olmaz. Bələdçi siyasətdən qaçmalıdır. Siyasi suallar verilsə də, o, manevr edib sualdan yayınmalıdır. Ölkə haqqında mənfi rəy yaradılmamalıdır”.

Ekspert vurğulayıb ki, turizm bələdçiliyi çox vacib peşə, turizm zəncirinin əsas halqalarındandır:

“Qeyd olunduğu kimi, ölkənin tarixi, irsi, coğrafiyası haqqında ilkin məlumat verən bələdçilərdir. Ona görə də bu sahədə peşəkar kadrlara ehtiyac var. Qeyri-peşəkar kadrların mövcud olması ilə yanaşı, onlara inananların sayı da az deyil. Bu sahədə müəyyən marifləndirmə işləri də aparılmalıdır”.

Ə.Şiriyev qeyri-peşəkar kadrların turizmdə yaratdığı problemlər barədə də danışıb:

“Turizm şirkətləri 5-6 min dollar civarında maliyyə xərcləyir. Broşurlar, vizitkalar hazırlayır, Çində, Madriddə, Dubayda sərgilərdə iştirak edir, müqavilələr bağlanır və turistlər ölkəyə cəlb olunur. Hər hansı bir bələdçinin qeyri-peşəkarlığı nəticəsində ölkəyə gələn turistlərdə azalma baş verirsə, artıq bu müsbət hal deyil. Ona görə bütün hallarda peşəkarlara müraciət olunmalıdır. Ölkəmizdə Bələdçilər Assosiasiyası, Turizm Agentlikləri Assosiasiyası, Hotellər Assosiasiyası mövcuddur. Müraciət edən şəxs bələdçinin hansı assosiasiyaya üzv olduğunu, peşəkar olub-olmadığını araşdırmalıdır”.

Ekspert qeyri-peşəkar tur şirkətlərin də işindən danışıb: “Qeyri-peşəkar şirkətlər var: bunlara sosial şəbəkə şirkətləri deyirəm. Hər hansı bir şəxs səhifədə tur satır. Şəxslər də müraciət edib pul ödəyirlər. Sonra səhifə sahibləri səhifəni silirlər, nömrəni də yandırırlar. Onlarla birbaşa əlaqə saxlamaq olmur.

Biz turlarımızı heç də ucuz qiymətə satmırıq. İşin keyfiyyətinə diqqət edirik.

Bu yaxınlarda 70 nəfər Şuşa turu üçün bir nəfərə 20 manat ödəyib. Bu da 1400 manat edir. Həmin şəxs indi telefonu söndürüb, adamı tapa bilmirlər. Şuşaya kütləvi turların təşkil edilməsi barədə rəsmi icazə yoxdur. Avtovağzaldan onlayn şəkildə bilet almaqla gediş-gəliş etmək olar. Həm də yaxın rayonlara – Qubaya, Şamaxıya getmək üçün də turların qiyməti 20 manatdan yuxarıdır. Bir az məntiqi hərəkət etmək lazımdır”.

Ə.Şirinov sonda turizmin inkişafı ilə bağlı həll yolları da irəli sürüb:

“Digər bir məsələ isə odur ki, məsələn, İsmayıllıda açılan hoteldə İsmayıllıda qalan gəncin işləməsi məqsədəuyğundur. Çünki Bakıdan ora mütəxəssis aparmaq sahibkara baha başa gəlir. Bakıdan həmin şəxslərə təlim keçmək üçün mütəxəssis aparmaq olar. Həmin şəxsin hotel sənayesində xidmət göstərməsini istəyiriksə, 1 həftə, yaxud 10 gün ərzində təlim keçməlidir. Ondan sonra nə isə tələb etmək olar.

Maariflənmə də burada əsasdır. Turizm hər şeydən təsirlənən sahədir. Burada kadrları qoruyub saxlamaq istəyiriksə, taksi xidmətindən top-menecerə qədər hər birinin üzərində mütəmadi olaraq işləmək lazımdır. Vətənimizi seviriksə, hər bir vətəndaş öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Küçəni süpürən qadınlara böyük hörmətim var. Əziyyət çəkib pul qazanırlar. Biz onlara da deyirik ki, xarici dil bilməsəniz də, turistlərin üzünə gülümsəyin. Turistlər bizim qonaqpərvər xalq olduğumuzu bilsinlər. Gülüş beynəlxalq dildir. Amma gülə-gülə turisti aldatmaq olmaz. Gülüş səmimi olmalıdır. Arxa fonda isə məsuliyyətli olmalıyıq. İnkişaf etmək istəyiriksə, bunlara əməl etməliyik”.

Bənzər yazılar

Back to top button