ManşetSiyasət

ABŞ Azərbaycana: “Kömək edin, sizə kömək edək” (MÜSAHİBƏ)

Azərbaycan münasibətlərində yeni gəlişmələr barədə Vaşinqtonda mənzillənən azərbaycan-əsilli jurnalist Aleks Raufoğlunun Turan-a müsahibəsi

***

– Aleks, ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə Mark Libbinin namizədliyini irəli sürüb. Kimdir Mark Libbi? O, necə bir siyasətçi kimi tanınır?

– Mark Libbi, hər şeydən öncə, karyera diplomatıdır. İraq, Kipr kimi fərqli qaynar siyasi nöqtələrdə xidmət etmiş, eləcə də, Dövlət Departamentinin Əməliyyat Mərkəzində böhranların idarə edilməsi üzrə çalışmış veteran peşəkardır. Lakin həmkarlarının təbirincə, onun ən çətin diplomatik vəzifəsi, yəqin ki, 2018-ci ilin ortalarından Brüsseldə Tramp administrasiyasını təmsil etməsi olub və bu işi səliqə ilə bacarıb. Hər halda, Prezident Co Baydenin andiçmə mərasiminin ardından ABŞ-ın Aİ-dəki missiyasına müvəqqəti rəhbərlik ona həvalə olundu. Ötən yay Brüsseldəki fəaliyyətini başa vuraraq, Vaşinqtona qayıdıb və buradakı Milli Müharibə Kollecində dərs deyir.

– Niyə məhz Mark Libbi? Onun Azərbaycana səfir kimi göndərilməsinin hansı siyasi mənalar axtarmaq olar?

– İlk növbədə bu seçim ondan xəbər verir ki, Birləşmiş Ştatlar Azərbaycanla münasibətlərdə müəyyən ardıcıllığın qorunmasında maraqlıdır. Üç il bundan öncə ABŞ hökuməti karyera diplomatı Lee Litzenbergeri Azərbaycana göndərməklə bir dönüşə imza atmışdı. Xatırlayırsınızsa, ondan əvvəlki 3 səfirin rezyümesində əsasən, enerji təcrübəsi göz qamaşdırırdısa, Lee Litzenberger tamamilə başqa səmtdən – hərbi-siyasi Bürodan gəlirdi, üstəlik Brüssel təcrübəsinə malik idi. Cənab Libbinin diplomatik portreti də sələfinkinə çox uyğun gəlir. Xüsusilə Bayden Administraisyasının Şərqi Avropa, Balkanlar və Qafqaz strategiyalarının uzlaşdırılmasında son aylar Brüsselə verdiyi önəmi nəzərə alsaq, səfir Libbinin təcrübəsindən Azərbaycanda təyinatı üzrə istifadə oluna bilər.

Mən ötən ilin yazında dövlət katibi Blinkenin Avropaya səfərlərindən birinin ardından səfir Libbinin ABŞ-Avropa gənc peşəkarları qarşısında bir çıxışını yaxından izləmişdim. Təxminən 10 dəqiqəlik çıxışın əksər hissəsini o, dəyərlərə və dəyərlər əsasında münasibətlərin inkişafına həsr etmişdi. Ümumi mesaj təxminən ondan ibarət idi ki, dəyərlər üzərində möhkəmlənən münasibətlər ölkələri və xaqları bir-birinə sıx bağlamaqla, ən etibarlı və uzunmüddətli əməkdaşlığı şərtləndirir. ABŞ-Azərbaycan münasibətləri çoxdandır belə yanaşma tərzinə susayıb…

Təcrübə sübut edib ki, karyera diplomatlarından fərqli olaraq, enerji profilli səfirlər – əlbəttə ki, müəyyən istisnalar hər zaman olur – fəaliyyətləri dövründə məsələn, insan haqları kimi mövzularda ictimai çıxışlardan, o cümlədən müstəqil media və müxalifət liderləri ilə birbaşa təmaslardan çəkiniblər. Bakını tərk etdikdən sonra isə öz ölkələrində Azərbaycan hakimiyyətinin neft-qaz siyasətinə lobbiçilik etməyi üstün tutublar, bununla da onlar ABŞ xalqının Azərbaycanla dəyərlərə söykənən uzunmüddətli əməkdaşlıq maraqlarını, özlərinin, belə demək mümkünsə, fərdi yanaşmalarına qurban veriblər.

Sualınıza qayıdaraq, bir amili də vurğulamaq istərdim ki, son dövrlər Dövlət Departamentinin Azərbaycanla bağlı illik hesabatlarında Bakıdakı səfirliyin, xüsusilə də səfirin siyasi məhbuslar, azadlıqlar və təhlükəsizlik kimi mövzularda hökumətlə davamlı təmaslarının nəticələrinə tez-tez istinad edilir. Belə təmasların qorunub gücləndirilməsi vacibdir. Hətta ən böhranlı anlarda belə… Hər iki sahədə cənab Libbinin təcrübəsi ümumi işə ciddi töhfə qata bilər. Xüsusilə də nəzərə aldıqda ki, Birləşmiş Ştatlar Azərbaycanla bağlı hazırkı siyasətində “proqnozlaşdırıla bilinmə”nin (predictibility) tərəfdarıdır.

– Yeri gəlmişkən, son vaxtlar ABŞ-Azərbaycan münasibətlərində, xüsusən ABŞ-ın Azərbaycana və Azərbaycan hakimiyyətində münasibətində xüsusi bir rəğbət hiss olunur. Son aylarda ABŞ prezidentinin Azərbaycan prezidentinə iki dəfə məktub göndərməsi, həmin məktublarda “Azərbaycan dünya siyasətinin vacib tərəfdaşıdır”, “Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində Sizin davamlı addımlarınızı alqışlayıram”, “demokratik idarəetmə və islahatların məqsədyönlülüyü” kimi ifadələrdən istifadə etməsi belə deməyə əsas verir. ABŞ prezidenti bu kimi fikirləri ilə nə demək istəyir?

– Maraqlı müşahidədir. Deməzdim ki, məktub faktı özlüyündə yenilikdir. İstifadə olunan leksikon məsələsində bəlkə də, haqlısınız, hərçənd burada da dəyərləndirilmə daha geniş kontekstdən aparılmalıdır. Məsələ ondadır ki, ABŞ diplomatiyası indiki administrasiyanın dönəmində diplomatik nəzakət və etiket qaydalarının maksimum tətbiqi ilə seçilir. Bildiyiniz kimi, əvvəlki administrasiya oyun qaydalarından bilərəkdən imtina etməklə diplomatiyanın yolunu bir sıra hallarda, tıxamışdı. Diplomatiya ümumiyyətlə, Dövlət Departamentinin dəhlizlərindən yığışdırılmışdı, əsas qərarlar “yuxarıda” qəbul olunurdu və birbaşa kanallarla – əsasən ictimaiyyətə qapalı – mənzilinə ünvanlandırılırdı. Düzdür, bu fərq Azərbaycan kimi ölkələrlə münasibətdə nisbətən az hiss olunurdu, ona görə ki, Bakıdakı rəsmilər də təxminən bənzər idarəçilik təcrübəsini özləri çoxdan tətbiq edib və necə deyərlər, adətkərdə olublar… Amma fakt ondadır ki, son aylarda ABŞ diplomatiyası necə deyərlər, ən şirin dili və ən bəzəkli qiyafəsi ilə səhnəyə qayıdıb. Standartlar dəyişib. Bu, ya özü ilə müttəfiq ölkələrin də davranış və danışıq vərdişlərini dəyişəcək, ya da aradakı fərq dərhal üzə çıxacaq.

– Ümumiyyətlə, ABŞ prezidenti Azərbaycandakı durum haqqında nə dərəcədə məlumatlıdır ki, məktublarında bu kimi fikirlərə yer ayırır?

– Azərbaycadakı durum təhlil edildikdə əlbəttə ki, təkcə rəsmi mənbələrin ritorikasına istinad olunmur. Eləcə də, prezidentlərin məktubları siyasi kursu bəlirləyən strategiya kimi qəbul edilməməlidir. Buna baxmayaraq, cənab Baydenin məktublarında demokratik islahatların zəruliyindən bəhs etməsi yalnız alqışlanmalıdır. Xüsusilə nəzərə aldıqda ki, bu məktublar, bir qayda olaraq, mətni dəyişdirilmədən, rəsmi dövlət saytlarında və telekanllarda tirajlanmalı olur.

Azərbaycan rəhbərliyinin ünvanına işlədilən təriflərə gəldikdə, burada istifadə olunan diplomatik nəzakətlə yanaşı, Bakıdakı rəsmilərin özlərinə münasibətdə gözlədiyi – bəzən hətta tələb etdiyi – “tərfilənmə” ehtiyacını da vurğulamaq gərəkir. Uzun illərdir ki, Azərbaycan rəsmiləri ya birbaşa kanallarla, yaxud da lobbi təşkilatlarının köməyi ilə Qərb siyasi dairələrinə yol taparaq, onlardan öz ünvanlarına tərif və yaxud alqış səslənməsini tələb edirdilər. Özlərinə arxayın siyasətçilər və ölkələr üçün bu amil nə qədər az əhəmiyyətldirsə, digərləri üçün bunsuz irəliləmək bəzən çətin olur…

– Azərbaycanın prezidentinin köməkçisi Hikmət Hacıyev bu yaxınlarda ABŞ-da səfərdə olub, Ardınca isə Vaşinqtondan Bakıya bir neçə yüksək səviyyəli səfərlər həyata keçirildi. Dövlət katibinin köməkçisi, köməkçi müavini və sair. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, ABŞ- Azərbaycan münasibətlərində nələrsə baş verir. Sizcə nə baş verir? Bu yaxınlaşmanın, gəlişmənin səbəbi nə ola bilər? ABŞ Azərbaycandan nə istəyə bilər?

– Bu yaxınlarda tədbirlərdən birində bir Qərb diplomatı Vaşinqtonun Azərbaycandan istəyini klassik bir ABŞ ifadəsi ilə izah etmişdi: “Kömək edin, sizə kömək edək.” (Help us help you)… Xüsusilə Ukrayna hadisələrinin fonunda Azərbaycan kimi ölkələrin müstəqilliyi və suverenliyinin qorunması Vaşinqton üçün prioritet hədəfə çevrilib. Böhranlar məcrasından çıxdıqdan sonra bəzən kömək təklif üçün çox gec olur, odur ki, ABŞ “iş işdən keçməmiş” Azərbaycana qarşı təhlükələrin dəf olunmasında öz rolunu təklif edib və hələ də bunda ümidlidir.

Amma bunun üçün Bakıdan istənilən “kömək” sadədir: daxili repressiyalarla Qərbi özündən uzaqlaşdırma! Vaşinqtonda inanırlar ki, iş dəyərlərə və azadlıqlara gəldikdə, siyasətə yenidən baxmaq düzgün olardı, çünki Azərbaycan Qərbi özündən uzaqlaşdırsa, sonda Kreml ölkəni daha da yaralayıb, öz təsir dairəsində əsir edəcək.

Azərbaycandan həm də Avropanın enerji diversifikasiyasında, bu fövqəladə vəziyyətdə Avropaya kömək etməkdə öz rolunu oynamaq istənilir. Birləşmiş Ştatlar son 30 ildə Avropaya enerji mənbələrinin divertifikasiyasına kömək etmək üçün Bakı ilə birlikdə çalışıb və bunu demək olar təmənnasız edib.

Son təmaslardan gəlinən qənaət əsasən bundan ibarətdir ki, Azərbaycan öz müstəqilliyini və Moskvadan müəyyən qədər fəaliyyət azadlığını qoruyub saxlamaqda həqiqətən maraqlıdırsa, nə etməli olduğunu – eləcə də nə etməməli olduğunu – gözəl bilir.

Bəzən regionda yanlış olaraq, Qərbi Azərbaycandan uzaqlaşdırma siyasətini, başqa sözlə təklənməni, “neytrallıq” olaraq təqdim edirlər. Azərbaycan rəhbərliyi unutmamalıdır ki, Ukrayna da 2014-cü ilin fevralında, Putin Kiprə hücum edəndə neytral ölkə idi. Sonrası hər kəsə aydındır.

Bənzər yazılar

Back to top button