Siyasət

Azərbaycan və Ermənistan “Zəngəzur dəhlizi” avtomobil yolu ilə bağlı razılığa gəliblər?

Rusiya Ermənistan və Azərbaycanın Zəngəzur dəhlizində avtomobil yolu ilə bağlı razılığa gəlməsinə kömək edib. Yalnız 6 kilometrlik bir sahəni razılaşdırmaq qalır. Bu barədə çərşənbə günü Rusiyanın “İzvestiya” qəzeti məlumatlı mənbəyə istinadən bildirib.

Qəzetin məlumatına görə, iyunun 3-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin son görüşündə tərəflər 6 kilometrlik hissə istisna olmaqla, gələcək trassın marşrutunu razılaşdıra biliblər. “Orada dağlar var və Rusiyanın “Avtodor” şirkəti sadə mühəndis həllinin təklifi üçün ekspertləri oraya göndərir”, – mənbə qəzetə bildirib.

Uzunluğu 46 kilometr olan trass Ermənistan tərəfdən Araz çayı boyunca keçəcək. Qalan hissədə 1992-ci ilə qədər Naxçıvanı Ermənistan ərazisilə Azərbaycanın Zəngəlan rayonu ilə birləşdirən köhnə sovet yollarından istifadə olunacaq.

“İzvestiya”dakı mənbənin məlumatına görə, bu ilin martında Bakı Tehranla Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonundan İran ərazisilə Naxçıvana yol çəkmək niyyəti barədə memorandum imzaladıqdan sonra erməni tərəfi danışıqlar prosesini sürətləndirib.

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan da tərəflərin mövqelərinin yaxınlaşdığını bildirib. O, TASS-a müsahibəsində deyib ki, “tərəflər sərhəd və gömrük nəzarəti üzrə bir çox məsələlərdə, eləcə də vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin avtomobil və dəmir yolu ilə Ermənistan və Azərbaycan ərazilərindən təhlükəsiz keçməsilə bağlı mövqelərini yaxınlaşdıra bilirlər”.

Qeyd edək ki, iyunun 27-də Ermənistanın baş naziri Nikol Paşinyan bəzi bəyanatlar verib və onlardan belə çıxır ki, Bakı və Yerevan həmin yolda hərəkətin statusu və rejimini razılaşdıra bilmirlər.(Turan)

Bənzər yazılar

Back to top button