Dünya

Ermənistan və Qarabağda Azərbaycana casusluq etdiyinə görə 6 hərbçi həbs edilib

Ermənistan və Qarabağda Azərbaycana casusluq edən agentləri tutmaq, görünür, erməni milli ənənəsinə çevrilib. Belə ki, son iki gündə Ermənistanda bir, Qarabağda isə beş hərbçi dövlətə xəyanətə görə həbs olunub.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, həbs edilmiş hərbi qulluqçu binalar, silahlar, hərbi zirehli texnika, döyüş və nəqliyyat vasitələrinin sayı və növləri, təlim keçirən kəşfiyyat və digər bölmələrin sayı və silahlanması və təlim məqsədləri barədə məlumat və fotoşəkilləri xarici kəşfiyyata ötürüb.

O, “Odnoklassniki” sosial şəbəkəsi vasitəsilə ələ alınıb və 4,8 min ABŞ dolları müqabilində xarici kəşfiyyata işləməyə razılıq verib. Whatsapp tətbiqi vasitəsilə məlumat toplayaraq ötürüb.

Öz növbəsində, bu gün Qarabağ separatçılarının təhlükəsizlik xidməti Azərbaycana işləyən agentlər şəbəkəsinin həbs edildiyini bildirib. Onların hamısı Qarabağ ordusunun hərbi qulluqçularıdır. Onlar Facebook və Tik-Tok sosial şəbəkələri vasitəsilə ələ alınıblar və döyüş mövqelərinin dislokasiya yerləri, şəxsi heyətin sayı, döyüş mövqelərində silahların döyüş qabiliyyəti, növləri və sayı, komanda tərkibi haqqında məlumatları ötürüblər. Guya bütün bunlara görə bank köçürməsilə 200 dollar ödənilib.

Beləliklə, İkinci Qarabağ müharibəsi başlayandan sonra Ermənistanda və Qarabağda ifşa olunmuş Azərbaycana işləyən agentlərin sayı artıq qırxa çatıb. Erməni mənbələrinə görə, onların yarısı müharibə bitdikdən sonra cəlb edilib.(Turan)

Bənzər yazılar

Back to top button