GündəmManşetSağlamlıq

Təcili tibbi yardım işçiləri şikayət edir – 3 aydır əlavə ödəniş almırlar

Təcili tibbi yardım işçilərinə artıq üç aydır ki, koronavirusla mübarizəsinə görə ayrılmış müddətli əlavə ödənişlər verilmir.

Bu barədə Turana bildirən Təcili tibbi yardımın əməkdaşları deyir ki, yanvar ayında da həmin ödənişlərin cəmi 50 faizi onlara verilib. «Hər gün koronavirus xəstələri ilə təmasdayıq. Bu pul bizim haqqımızdır, amma fevral ayından bizə verilmir. Müraciət edəndə deyirlər ki, bizlik deyil, pul olan kimi verəcəyik. Artıq 3 ay yarımdır ki, pulumuzu ala bulmirik».

İcbari tibbi sığorta sistemi tədbiq olunmuş müalicə müəssisəsilərin həkimləri də sığorta əlavələrin verilməməsindən şikayət edir. Şirvan şəhər xəstəxanasında çalışan həkimlərin sözlərinə görə, onlar yanvar ayından həmin əlavələri ala bilmir. «Əmək haqqımız da böyük deyil ki, deyəsən quru maaşla dolana bilərik. 300-350 manata yaşamaq olar? Əlavələrimizi vermirlər. Hər dəfə də bir səbəb gətirirlər. Bəs biz nə edək?»

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Turana bildirilib ki, qurum vəsaitin köçürülməsini gözləyir. «Büdcədən vəsait ayrılmalıdır ki, koronavirus xəstələri ilə işləyən tibb personalına fevral-mart ödənişləri olsun. Daha sonra aprel və may da olacaq. Amma hələ ki, aprelin siyahısını təqdim etməyiblər. Fevral-mart üçün isə vəsait gözləyirik».

Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev da Turana bildirib ki, Bakı şəhəri üzrə Təcili tibbi yardım işçilərinə əlavə ödənişlər verilmir. «Orada çalışan tanışlarım deyir ki, yanvar ayı üçün əlavələrin yarısını alıblar, fevral-aprel ayları üçün isə bir qəpik belə almayıblar».

A.Əliyev qeyd edib ki, Nazirlər Kabinetinin «Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə» qərarına əsasən tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə – aylıq maaşının üç misli məbləğində müddətli əlavələr verməlidir. «Təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə maaşının dörd misli məbləğində, pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə isə beş misli məbləğində əlavələr təyin olunub. Əgər həmin şəxslər bayram günləri işləyirlərsə həmin əlavələrin ikiqatını almalıdılar, amma təəssüf ki, bunlar hesablanmır».

Mütəxəssis deyir ki, icbari tibbi sığorta yanvar ayından tədbiq olunmuş rayonlardan bəzilərində həkimlərə həvəsləndirici əlavələr ödənilmir. «Tibb işçilərinə bu cür münasibət gətirib ona çıxaracaq ki, azdan-çoxdan bilgisi olanlar gedəcəklər xarici ölkələrə işləməyə, bu da bizi lap biabırçı hala salacaq. Həkimlərə münbit şərait yaradılsa, o da canla-başla işləyəcək ki, bu sahə inkişaf etsin. Amma indiki şərtlərlə biz həkimlərdən yaxşı nəticə gözləyə bilmərik».

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, rəsmilər bu məsələ ilə bağlı açıqlama verəndə yəqin deyəcəklər ki, bu, texniki məsələdir. «Yəni, zaman-zaman bu tipli bəhanələr dövlət qurumlarından eşitmişik. Amma bu həkimlərin günahı deyil. Rəsmi olaraq koronavirusla bağlı tibb işçilərinə əlavə ödənişlər dayandırılmayıb. Yalnız karantin rejimi götürüləndən sonra müddətli əlavələrlə bağlı qərara yenidən baxıla bilər».

Ekspert hesab edir ki, əgər pul ayıran rəsmi qurum hələ də vəsait köçürməyibsə bunu cəzasını həkimlər çəkməməlidir. «Vəsaitin vaxtlı-vaxtında köçürülməsinə məsul qurum Maliyyə nazirliyidir və o ən azından bu məsələ ilə bağlı açıqlama verməlidir».

N.Cəfərli qeyd edib ki, yanvar ayından icbari tibbi sığorta ilə bağlı ödənişlər əmək haqqlardan tutulur. «İcbari olduğu üçün büdcə təşkilatlarında işləyənlərin müqaviləsində dəyişikliklər edildi. Özəl sektorda isə əmək müqavilə bağlayan kimi onun tərkib hissəsi kimi icbari tibbi sığorta ilə bağlı məsələ yer alır. Deməli, vəsaitlər icbari tibbi sığorta fonduna ödənilir».

Ekspertin fikrincə həkimlərə əlavələrin verilməsi mexanizm tam işlənib hazırlanmayıb deyə, əlavələr ödənilmir. «Azərbaycan höküməti bir neçə il əvvəl icbari tibbi sığorta ilə bağlı pilot layihəsini elan etdi. Orda da həkimlərin böyük narazılıqları oldu. Heç olmasa bundan nəticə çıxarardılar. Elə mexanizm yaradılmalıdır ki, həm həkimlər, həm vətəndaşlar bundan xeyir görsün. Bu gün isə vətəndaşlar icbari tibbi sığortaya ödənilən pulları itirilmiş hesab edir».

İqtisadçı vurğulayıb ki, koronavirusla mübarizəsinə görə həkimlər üçün nəzərdə tutulmuş əlavə ödənişlərin verilməməsini korrupsiya kimi da dəyərləndirilə bilər. «Əgər həkimlərə çatacaq bu vəsaitin ödənilməməsi və hər hansı formada büdcə vəsaitlərin həkimlərə çatmaması ilə bağlı məsələ varsa bu, korrupsiyadır. Çünki büdcə vəsaitindən söhbət gedir, büdcədən isə bu məqsədlərə kifayət qədər pul ayrılıb».

Bənzər yazılar

Back to top button