Madrid sammitində qəbul edilən NATO-nun yeni strategiya konsepsiyasında “əsas düşmən” Rusiya göstərilməklə yanaşı, ilk dəfə Çin də “təhdid” olaraq qeyd olunur: bu konsepsiyanın qəbul ediləcəyi hələ 2019-cu ildə London sammitində qərara alınmışdı və o zaman Çinin artan nüfuzu və böyüməsi təhdid olaraq təsnif edilmişdi, üç il sonra yeni sənəddə bu təhdid rəsmiləşdi;
Və bu strategiyanın Moskva-Pekin ittifaqını gücləndirməsinə yol açması Qərbin ağılsızlığı kimi görünə bilər, hərçənd, hədəfin əvvəldən Çin olduğu fikri indi bir qədər də qətiləşir:
– Çinlə yaxınlaşan Avropa üzərində ABŞ-ın təsirini bərpa etmək, NATO-nun “müdafiə qalxanı” rolunu gücləndirmək və ittifaq daxilindəki çatları qapatmaq üçün Şimal Alyansının yaranma fəlsəfəsini canlandırmaq lazım idi: təhlükə;
– Çin “beyin ölümü keçirir” dedikləri NATO-nu dirildəcək təhlükə kimi qəbul olunmurdu: ən real və effektiv təhlükə NATO-nun qurulma fəlsəfəsinə uyğun olan və “soyuq müharibə”ni Avropanın yaddaşında yeniləyəcək Rusiya idi;
– Rusiya təhlükəsi ilə NATO çətiri altına toplanan Qərb cəbhəsinin yeni və əsas hədəfi elan edildi: Çin;
– Fransa və Almaniya başda olmaqla Avropa Rusiya təhlükəsindən sonra ABŞ-ın Çinə qarşı siyasətində məcbur yer alırlar;
Ukrayna müharibəsinin əsas hədəfi əvvəldən bu olub və bütün bu şərtləri ABŞ üçün Rusiya hazırladı: əvəzində nə alacağı maraqlıdır.
Asif Nərimanlı