İqtisadiyyat

Azərbaycanın dövlət borcu ağır yükə çevrilir

Azərbaycanın kredit reytinqinin “B2″ səviyyəsində, reytinq üzrə proqnozun isə stabil olması ölkə iqtisadiyyatının, maliyyə və bank sisteminin neft qiymətlərindən asılılığını əks etdirir”.

Bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda qeyd olunub.

Agentliyin baş vitse-prezidenti və məqalənin müəlliflərindən biri Kristin Lindoun (Kristin Lindow) sözlərinə görə, neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyib.

“Hökumətin Dövlət Neft Fondundan (ARDNF) böyük maliyyə dəstəyi almasına baxmayaraq, dövlət neftin aşağı qiymətlərinin təsirini yumşaldacaq fiskal siyasət üçün Fondun ehtiyatlarından məhdud dərəcədə istifadə edir. Düşünürük ki, 2017-ci ildə Azərbaycanda ümumdaxili məhsul istehsalı azalacaq. Ötən illə müqayisədə bu ilin birinci yarısında ÜDM 1,4% azalıb. İnanırıq ki, il üzrə ümumi azalma elə eyni səviyyədə olacaq”, – deyə məlumatda bildirilir.

“Moody`s” yaxın iki ildə Azərbaycan büdcəsinin defisitlə icra olunacağını proqnozlaşdırır

Qeyd olunur ki, Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbəti 2014-cü ildəki 14,4%-dən 2016-cı ildə 50,7%-dək artıb.

Məlumatda vurğulanıb ki, bunun əsas səbəbləri manatın amortizasiyası və dövlət zəmanətli borcların artmasıdır.

Agentliyin proqnozuna əsasən, neftin qiyməti 45-55 dollar diapazonunda ticarət olunmağa davam edərsə, 2017-ci il dövlət büdcəsi 2,9% defisitlə icra olunduğu halda, 2018-ci ildə defisit 1,8% təşkil edə bilər.

ABB-nin bərpası vaxt aparacaq

Azərbaycan hökuməti və Mərkəzi Bank (AMB) bank sektoruna dəstək verməkdə davam edir. Bu barədə də “Moody`s” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda bildirilir.

Agentliyin hesablamalarına əsasən, ötən il bank sektoruna verilən dəstəyin həcmi ÜDM-in təxminən 30%-nə bərabər olub. Bura əsasən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) xarici öhdəliklərinin restrukturizasiyası daxildir.

“Moody`s” hesab edir ki, restrukturizasiya prosesinə baxmayaraq, ABB-nin aktivlərinin keyfiyyətinin və gəlirliliyinin bərpası kifayət qədər vaxt alacaq.

“Ümumilikdə, yaxın perspektivdə bank sektorunun vəziyyəti zəif olaraq qalacaq”, – deyə məlumatda vurğulanıb.

Rüfət Manafov

Bənzər yazılar

Back to top button