GündəmHadisə

Hacıqabuldakı qətliamın üzə çıxardığı sirlər çözülür

İstintaq Mübariz Mehdiyevin öldürmək istədiyi “Moskva Natiq”i sorğu-sual edib

Hacıqabul şəhərində baş verən xüsusilə ağır cinayət Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılır. Qətlin motivi, 1971-ci il təvəllüdlü Mübariz Mehdiyevin odlu silahı haradan əldə etməsi, kimdən alması müəyyənləşdirilir. M.Mehdiyev iyulun 31-də səhər tezdən Hacıqabul şəhəri, Bayram İbrahimov küçəsində yaşayan Qəmbərovların həyətlərinə soxulub. Əlində lüləsi və qundağı kəsilmiş tüfəng olan M.Mehdiyev orada yaşayan Natiq Qəmbərovu axtarıb, onu öldürmək istəyib. N.Qəmbərov onun qarşısına çıxmadığından həmin həyətdəki evlərdən birində yaşayan onun əmisi 1953-cü il təvəllüdlü Nazim Qəmbərovu, əmisi oğlu 1988-ci il təvəllüdlü Namiq Qəmbərovu, yaxınları 1962-ci il təvəllüdlü Gülbağda Qəmbərova və 1958-ci il təvəllüdlü Almara Qəmbərovaları güllələyib. Səs-küyə çıxan N.Qəmbərovun atası Məmməd Qəmbərova da odlu silahdan atəş açıb. M.Qəmbərov yaralansa da, qaçaraq canını qurtara bilib.

M.Mehdiyev isə hadisə yerinə gələn polislərin əlinə keçməmək üçün özünü də əlindəki odlu silahla öldürüb. Onun polis tərəfindən zərərsizləşdirilməsi haqda da məlumat var.

Aldığımız son məlumata görə, N.Qəmbərov artıq istintaqa cəlb olunub. Onun M.Mehdiyevlə konfliktinin səbəbləri aydınlaşdırılır. Digər bir məlumata görə isə N.Qəmbərovun xəstəxanada olan atası, 1947-ci il təvəllüdlü M.Qəmbərovun durumu normallaşmaq üzrədir. Həkimlər onu əməliyyat ediblər. M.Qəmbərovun ürək nahiyəsinə açılan atəşin əsasən qoluna dəydiyi bildirilir.

Qətliamın motivi haqda dolaşan xəbər sırasında M.Mehdiyevlə “Moskva Natiq” ləqəbli Natiq Qəmbərovun arasında Rusiyada başlamış ədavətin dayandığı qeyd olunur. M.Mehdiyevin Qəmbərovlara qarşı son dərəcə qəddar davranışının kökündə dayanan motiv haqda müxtəlif söz-söhbətlər dolaşır. Bildirilir ki, Mübariz Mehdiyevlə Natiq Qəmbərov Moskvada birgə işləyiblər. Sonradan tərəflərin arası dəyib, konfliktə qədər böyüyüb. N.Qəmbərov mübahisə zəminində M.Mehdiyevi bir neçə dəfə vurub. Sonuncu dəfə isə N.Qəmbərovun M.Mehdiyevi ölümcül döyməsi xəbəri də var. Hətta qeyd olunur ki, döyülmədən sonra M.Mehdiyev 3 aya yaxın özünə gəlməyib, yaraları sağalmayıb. Həmin müddətdə isə N.Qəmbərov Azərbaycana, Hacıqabuldakı ata yurduna qayıdıbmış. Az əvvəl ayağa qalxan M.Mehdiyev də boya-başa çatdığı rayona qayıdıb, silah əldə edib və N.Qəmbərovdan qisas almaq üçün onun yaşadığı ünvana basqın edib. Onun əvəzində N.Qəmbərovun yaxınlarını öldürüb, özünə də atəş açıb. Hüquq-mühafizə orqanları hadisə yerindən lüləsi və qundağı kəsilmiş silah götürüblər. Hazırda iş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmaqla, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.(Musavat.com)

Bənzər yazılar

Back to top button