Siyasət

Azərbaycan və ABŞ arasında siyasi münasibətlərin genişləndirilməsi üçün şərait yaradılıb

Azərbaycan prezidenti İlham Əliyev 4 iyul – Amerika Birləşmiş Ştatlarının Müstəqillik Günü münasibətilə prezident Cozef Baydenə təbrik məktubu göndərib.

Məktubda deyilir ki, 30 ildir ki, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarını dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir. “Biz ilk gündən ölkəmizin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə ABŞ-ın dəstəyini yüksək qiymətləndiririk”, deyə Əliyev qeyd edir.

O, Azərbaycan və ABŞ-ın beynəlxalq təhlükəsizliyin təmin olunması və terrorizmə qarşı mübarizədə uzun müddətdən bəri davam edən birgə fəaliyyətinin məmnunluq doğurduğunu vurğulayıb.

“Enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx əməkdaşlığı, həyata keçirdiyimiz irimiqyaslı transmilli layihələrdə ABŞ-ın yaxından iştirakı və hərtərəfli dəstəyi müvəffəqiyyətimizin əsas amillərindəndir”, deyə Əliyev qeyd edir.

“Bu gün Azərbaycan ilə ABŞ arasında bir sıra mühüm sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əməkdaşlığımız siyasi əlaqələrimizin də genişlənməsinə şərait yaratmışdır. Ölkələrimizin enerji, təhlükəsizlik və terrorizmə qarşı mübarizədə əməkdaşlığı nümunəvi xarakter daşıyır.

Cənubi Qafqazda davamlı sülhün, iqtisadi tərəqqinin bərqərar olması üçün əlverişli şəraitin formalaşdığı bir zamanda biz ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, kommunikasiyaların açılmasında, insanlararası təmasların yaradılmasında mühüm rol oynaya biləcəyinə inanırıq. Eyni zamanda tərəfimizdən təqdim olunan beş prinsip əsasında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın dəyərli töhfə verə biləcəyi qənaətindəyik”, deyə Əliyev sözünə davam edir.

“Biz minatəmizləmə işində ABŞ-ın ölkəmizə göstərdiyi yardımı təqdir edirik. Ermənistan-Azərbaycan münaqişəsi zamanı itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyinin aydınlaşdırılması məsələsində də ölkənizin dəstəyinə böyük ümidlər bəsləyirik”, deyə məktubda qeyd edilir.

Əliyev Azərbaycan ilə ABŞ-ı birləşdirən dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin iki ölkə xalqlarının mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam edəcəyindən və genişlənəcəyindən əminliyini bildirib.

“Fürsətdən istifadə edərək bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Amerika Birləşmiş Ştatlarının dost xalqına daim firavanlıq diləyirəm”, deyə məktubun sonunda qeyd edilir. (Turan)

Bənzər yazılar

Back to top button