Dünya

Bayden Müstəqillik Günündə birliyə çağırıb

Bazar ertəsi ABŞ prezidenti Co Bayden və birinci xanım Cill Bayden Amerikanın Müstəqillik Günündə azadlıqların təhlükə altında olduğu vaxtda birliyə çağırıblar. Bu barədə Turan-ın müxbiri Ağ Evdən məlumat verib.

İyulun 4-də Ağ Evdə hərbçilərin ailələri ilə tədbirdə çıxış edən Bayden ölkədəki fikir ayrılıqlarına baxmayaraq, birliyə çağırıb: “Bu gündə fırtına və çəkişmələr içində gəlin, özümüzü vətənpərvərliyə həsr edək”, – o deyib.

“Ən pis böhranlarımızın ən dərinliklərindən həmişə ən böyük zirvələrə yüksəlmişik”,- o əlavə edib. “Biz əvvəllər də sınaqlardan keçmişik, lakin heç vaxt təslim olmamışıq, çünki bu xalqı müəyyən edən əsas inanclardan və vədlərdən heç vaxt dönməmişik”, -prezident deyib.

Bayden inflyasiya şəraitində amerikalıların çətinliklərlə üzləşməsinə baxmayaraq, daha yaxşı günlərin qarşıda olduğuna əminliyini ifadə edib.

Yüzlərlə hərbçi ailəsinin üzvü Ağ Evin çəmənliyinə dəvət edilib və administrasiya əməkdaşları ilə birlikdə piknikdə iştirak edib.

Bir gün öncə Corc Vaşinqtonun malikanəsində Ukrayna və Gürcüstan da daxil olmaqla, 42 ölkədən olan şəxslərin iştirakı ilə Amerika vətəndaşlığına qəbul mərasimi keçirilib. (Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button