Siyasət

“Bu plana görə Ermənistan Qara dəniz dövləti olmalı idi” – FOTO

“Bu gün Britaniya Milli Arxivində maraqlı bir xəritə gördüm. Xəritə 1945-ci ildə tərtib edilib. Sovetlərin həmin il Türkiyədən tələb etdiyi torpaq tələbləri qalın qara xəttlə dövrəyə alınıb”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənli sosial şəbəkə hesabında yazıb.

O, yazısında vaxtı ilə Sovetlərin Türkiyədən torpaq tələbləri haqqında danışıb:

“1919-1920-ci illərdə ABŞ prezidenti Vudro Vilsonun “Böyük Ermənistan” xəritəsi Türkiyənin təxminən yarısını əhatə edirdi. Həmin ərazilər xəritədə nazik qırmızı xəttlə göstərilib. Bu plana görə Ermənistan Qara dəniz dövləti olmalı idi. Olmadı.

Xəritədə çox maraqlı bir məqam var. Sovetlər 1945-ci ildə tələb etdiyi torpaqları alsaydı, Naxçıvan qapısından Türkiyə tərəfindəki torpaqlar Ermənistana keçməli və Naxçıvan qapısı bağlanmalı idi.

Gördüyünüz o qara xəttin içərisindəki ərazilərin ümumi sahəsi 26 min kv.km-dir. Əgər bu torpaqlar alınsaydı, SSRİ Xarici İşlər Komissarlığının hazırladığı arayışa görə onun 20.5 min kv.km-i Ermənistana, 5.5 min kv.km-i isə Gürcüsatana verilməli idi. Bu boyda fakt ortada ola-ola, xəritələr cızıla-cızıla solçuluq mərəzinə tutulmuş bəzi türk tarixçiləri bu günə qədər iddia edirlər ki, Sovetlərin Türkiyədən torpaq tələbi deyə bir şey olmayıb. Guya bunu Türkiyə hökuməti uydurmuşdu ki, Qərbdən yardım alsın. Nə deyəsən?

Torpağı nəinki tələb edirdilər, hətta iki Sovet respublikası arasında bölgüsünü də aparmışdılar, Yerevanda Ermənistan Kommunist Partiyasının Qars vilayət komitəsini də yaratmışdılar ki, bu gün-sabah hazır formada Qarsa köçürsünlər. Bunlar isə 70 ildir Moskvanı “təmizə” çıxarmaqla məşğuldurlar”, – deyə Cəmil Həsənli bildirib.

Bənzər yazılar

Back to top button