İqtisadiyyat

Azərbaycanda “tender ssenarisi”ni kimlər yazır? – Dəyişməyən dəsti-xətt…

Qazax Rayon Psixiatriya Xəstəxanası tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderin nəticəsinə əsasən “Palma-Z” MMC (VÖEN- 3601462631) Qazax Rayon Psixiatriya Xəstəxanası üçün dəftərxana və təsərrüfat malları satacaq və qarşılığında 34 min 531 manat 50 qəpik alacaq.
Tender müsabiqəsinin qalibi olan “Palma-Z” MMC 05.04.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Məmmədova İradə Bayram qızıdır.

Məlumat üçün bildirək ki, “Palma-Z” MMC daha əvvəl Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən keçirilən 3 tender müsabiqəsinin də qalibi olub və bu qurumdan ümumilikdə 47 min 788 manat 50 qəpik alıb.

Tender müsabiqələrində diqqət çəkən məqam odur ki, Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi tender elanının MMC-nin dövlət qeydiyyatına alındığı gündən bir gün əvvəl – 04.04.2022-ci il tarixində elan edib.

Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Tender elanından 1 gün sonra yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin fərqli sahələrdə (avtomobil təmiri, elektrik mallar, dəftərxana malları və işçi ləvazimatlarının satışı) xidmət göstərmək və mal satmaq üçün hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Onu da bildirək ki, bənzər tender müsabiqəsi bir-neçə gün əvvəl Zərdab rayonunda da keçirilib. Hər iki şirkət rayonda (Ağstafa və Zərdab) təsis olunub, hər iki şirkət yarandıqdan qısa müddət sonra bənzər tenderlərin (avtomobil təmiri, ehtiyat hissələrinin, dəftərxana mallarının və s. satışı) qalibi olublar. Hər iki şirkət eyni nizamnamə kapitalı (10 manat) ilə eyni gündə (05.04.2022) yaranıb və son 2 ayda 4 tender udublar. Maraqlıdır ki, hər iki şirkətin rəhbəri qadın olub və soyadları da Məmmədova…

Bənzər yazılar

Back to top button