Siyasət

ABŞ tərəfdaşları və müttəfiqləri qarşısında insan hüquqları məsələlərini müntəzəm olaraq qaldırır – Dövlət Departamenti

İnsan hüquqları Dövlət Departamenti və dövlət katibinin müttəfiqlər və tərəfdaşlar qarşısında müntəzəm olaraq qaldırdığı bir məsələdir. Bu barədə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Pavel brifinqdə bildirib.

Yanvarda Dövlət Departamenti “Səbəbsiz” təşəbbüsünün işə salındığını elan edib. Onun məqsədi beynəlxalq ictimaiyyətin bütün dünyada ədalətsiz olaraq həbs edilmiş siyasi məhbuslar haqqında məlumatlılığını artırmaq və onların azad edilməsini tələb etməkdir.

Turan-ın müxbirinin bu təşəbbüsün qurum üçün prioritet olub-olmadığı haqqında sualına cavabda Patel deyib ki, ümumilikdə insan hüquqları məsələsi böyük narahatlıq doğurur. “Məhz buna görə ABŞ dövlət katibi tərəfindən dünyada insan hüquqları haqqında məruzə təqdim edilib.

Məhz buna görə Entoni Blinken “Demokratiya Sammiti”nin keçirilməsində belə fəal rol oynayır, çünki demokratiya insan hüquqlarının əsas prinsipidir”, deyə o qeyd edib.

Azərbaycanlı jurnalist və hüquqşünas-hüquq müdafiəçisi Elçin Məmməd Dövlət Departamentinin “Səbəbsiz” kampaniyası çərçivəsində adı çəkilən 16 nəfərin arasındadır. O, 2020-ci ilin martında, ölkədə insan hüquqları ilə bağlı vəziyyəti tənqid edən məruzəni dərc etdikdən qısa müddət sonra həbs edilib və 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

“Ədalətli mühakimə sistemindən insan hüquqlarını müdafiə edənləri cəzalandırmaq üçün deyil, ədalətə nail olmaq üçün istifadə olunmalıdır. Elçin Məmməd və bütün digər siyasi məhbuslar dərhal və qeyd-şərtsiz azad edilməlidir”, deyə Dövlət Departamentinin yanvarda verdiyi açıqlamada bildirilirdi.

Bənzər yazılar

Back to top button