ManşetSiyasət

BUQƏLƏMUNLARIN AZƏRBAYCANDA NƏ QƏDƏR YENİ SORTLARI VARMIŞ?

Özünə “ziyalı” deyilməsini qəbul edən, milləti qanunverici orqanda təmsil edən şəxslərin son davranışları acınacaqlı durumda olduğumuzdan xəbər verir

Mehdiyev getdi… Əslində Ramiz Mehdiyev düz iki il yarım bundan qabaq göndərilmişdi. Amma nədənsə R.Mehdiyevə qarşı açıq çıxış edən, ya da ona içində qəzəb, kin-küdurət bəsləyən səmimi insanlardan fərqli olaraq “AMEA-dan get” kampaniyasına çılğın şəkildə qoşulan üzdə olan şəxslər 2019-ci ildə vəzifədən gedəndə səssizcə oturmuşdular. Görəsən, nə baş verdi ki, R.Mehdiyevin hesabına vəzifə, var-dövlət sahibi olanlar, ona yaltaqlanmağı şərəf hesab edənlər onu təhqir etdilər. Özü də bu təhqirləri özlərinə rəva görənlərin arasında özünə “ziyalı” deyilməsini qəbul edən, alim olduğunu hər fürsətdə yada salan, milləti parlamentdə təmsil edən şəxslər də var.

Belə ki, üzdə olan və dünən “boz kardinal” haqqında fərqli fikir söyləmək bir tərəfə, mediada yazılan hansısa tənqidi görəndə belə pişiyə dönənlər bu gün pələng kimi ona diş qıcayırlar.

Vaxtilə Ramiz Mehdiyevin mətbuatın, siyasi sferanın başına açdığı oyunlara açıq şəkildə etiraz bildirənlərin yanında olmayan, hətta onları “ağılsız, səfeh və məzlum” kimi məzəmmət edənlər indi aslan kəsiliblər.

SON BİR AYDA BİZ NƏ YAŞADIQ?

İlahi, nəsli kəsilməkdə olan buqələmunların Azərbaycanda nə qədər yeni sortları varmış? Vaxtilə R.Mehdiyev və onun sifarişlərini birbaşa yerinə yetirən Əli Həsənova yarınmaq üçün heç bir hədd və sərhəd tanımadan xidmət göstərən kəslərin bu qədər cildini dəyişməsi bəzi səmimi insanları şoka salmaqdadır. Bu kampaniyadan sonra həmin simasızların media və cəmiyyət tərəfindən təcridi baş verməlidir.

Yəni bu adamlar, millətimiz, cəmiyyətimiz, hətta mövcud hakimiyyət üçün daha təhlükəlidirlər. Cəmiyyətimiz növbəti seçkilərdə də bunlar kimi simasızların mandat alıb, yalnız özünə gün-güzəran qurmaqda davam etməsi, ancaq dirijor çubuğu qalxanda ortaya çıxmasının qarşısını almalıdır. Yox əgər bu siyasi dəllal, sürünənlər dəstəsi ilə yenə də cəmiyyətin öndə gedəni, hakimiyyətin təbliğatçısı olacaqsa, onda vay halımıza. Bu davam edəcəksə, demək olar ki, problem daha kütləvidir. Onda bunu etiraf lazımdır:

CƏMİYYƏTİMİZDƏKİ MƏNƏVİ DEQRADASİYA BİZİ UÇURUMA APARIR.

Həmin simasızlar son günlər ictimai rəydə elə fikir yaradırlar ki, guya Azərbaycan cəmiyyətinin əsas problemi AMEA-ya kimin rəhbərlik etməsidir. Əgər ölkədə bütün sahələrdə islahatlar aparılmasının zəruri olduğu yüksək səviyyədən bəyan edilirsə, deməli bütün sahələrdə problem var.

Cəmiyyət üçün faydalı təkliflərlə, problemlərin həllinə yönəlmiş addımlarla deyil, dünən mədh etdiyinin bu gün üzə durmaqla məşğul olanlarla biz uzağa gedə bilməyəcəyik. Cəmiyyətimiz bu halları normal qəbul edirsə, bir hissəsi milləti qanunverici orqanda təmsil edən həmin buqləmunların fəaliyyətini həzm edirsə, onda biz əsl ictimai-siyasi fəlakətin bir addımlığındayıq.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button