GündəmMədəniyyət

İctimai xadimlər YUNESKO-nu İrəvandakı Təpəbaşı məhəlləsinin dağıdılmasına yol verməməyə çağırıblar

Azərbaycanın elm və ictimaiyyət xadimləri Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən Təpəbaşı məhəlləsi ərazisində Azərbaycan xalqının tarixi-mədəni irsinə qarşı həyata keçirilən soyqırımla bağlı YUNESKO-nun baş direktoru Odre Azuleyə müraciət ünvanlayıblar. Müraciəti 102 nəfər elm və ictimai xadim imzalayıb.

Sənəddə deyilir ki, İrəvan şəhərində Azərbaycan xalqına məxsus sonuncu maddi-mədəni irs nümunələri də məhv edilmək üzrədir.

“İrəvan şəhəri qala istisna olmaqla Şəhər, Dəmirbulaq və Təpəbaşı hissələrinə bölünürdü. İrəvanın bu hissələrinin hər birində şəhər yaranandan XX əsrin əvvəllərinə qədər azərbaycanlılar yaşayıblar”, – müraciətdə deyilir.

Qeyd olunur ki, 2006-cı ildə Ermənistanda təsdiq edilən İrəvan şəhərinin baş planında fars memarlığı kimi təqdim olunan və azərbaycanlılara məxsus memarlıq nümunələrinin yerləşdiyi altı ərazi göstərilib.

“2006-cı ildə həmin ərazilərin ümumi ölçüsü 29 hektar idi. Onlardan bu gün yalnız Təpəbaşı hissəsi (16 hektar) qalmaqdadır. Cəmi 16 il ərzində Ermənistanda Azərbaycan xalqına məxsus memarlıq üslubunda tarixi şəhər sayıla biləcək 13 hektar sahə tamamilə məhv edilərək yerində müxtəlif infrastrukturlar inşa olunub. Ermənistanda azərbaycanlıların yaratdıqları maddi-mədəni irs haqqında məlumatlar gizlədilir və hissə-hissə dağıdılır. Ermənistan rəhbərliyi artıq bir müddətdir ki, Təpəbaşı hissəsini tamamilə dağıdaraq yerində müasir yaşayış binaları inşa etməyi planlaşdırır”, – müraciətdə deyilir.

Müəlliflər YUNESKO-nu Təpəbaşının tarixi məhəlləsinin dağıdılmasının qarşısını almağa və onun qorunması məsələsini qaldırmağa çağırırlar.(Turan)

Bənzər yazılar

Back to top button