İdman

Arzulanan tandem reallaşa bilər: Messi özü zəng etdi, Ronaldo isə menecerini göndərdi

PSJ-nin hücumçusu Lionel Messi “Barselona”ya qayıtmaq istəyir.

Metbuat.az xəbər verir ki, bu barədə İspaniyanın nüfuzlu jurnalisti Eduardo İnda etibarlı mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, Messi “Barselona”nın baş məşqçisi Xavi Hernandeza zəng edərək, kluba qayıtmaq istədiyini ifadə edib. Xavi bu transferi məmuniyyətlə qarşılayacağını ifadə etsə də, Messiyə klubun prezidenti Xuan Laporta ilə əlaqə saxlamağı tövsiyyə edib. Xavi bildirib ki, məsələ müzakirə ediləcək və maddi problem olmasa Laporta Messi ilə əlaqə saxlayacaq. Jurnalist bildirib ki, “Barselona” yayım hüquqlarının 10 faizini sataraq, 200 milyon avro gəlir əldə edib. Digər sponsorluq müqavilələri də gündəmdə olduğundan Messini transfer etmək üçün maddi problem olmayacaq. Lakin son qərarı klub verəcək.

Qeyd edək ki, “Mançester Yunayted” klubunun hücumçusu Kriştiano Ronaldonun da “Barselona”ya transfer olacağı irəli sürülür. “AS” qəzetinin iddiasına görə, hücumçunun meneceri Jorje Mendes transferin detallarını müzakirə etmək üçün Barselona şəhərinə gedib. İspaniya mətbuatı yazır ki, hər iki transfer reallaşarsa şirkətlər “Barselona” ilə sponsorluq müqavilələri bağlamaq üçün daha çox maraqlı olacaq. Bu da, maddi baxımdan çətinliklər yaşayan “Barselona” üçün mühüm hesab edilir.

Bənzər yazılar

Back to top button