Cəmiyyət

Nazirlik: “Azərbaycanda koronavirusa yenidən kütləvi yoluxma ehtimalı hələ ki, yoxdur”

“Azərbaycanda koronavirus infeksiyasına yenidən kütləvi yoluxma ehtimalı hələ ki, yoxdur”.

Bunu “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyin mütəxəssis-eksperti, infeksionist Ləman Qalimova bildirib.

Onun sözlərinə görə, dünyada olduğu kimi Azərbaycanda da son günlərdə koronavirus infeksiyasına yoluxma hallarında artım müşahidə olunur:

“Lakin nəzərə almalıyıq ki, ölkədə COVID-19 əleyhinə vaksinasiyaya prosesi bu gün də davam edir. Eyni zamanda xəstəliyə yoluxanların sayı kifayət qədərdir. Bu da o deməkdir ki, əhalinin kütləvi immuniteti yaranıb. Ona görə yenidən kütləvi yoluxma ehtimalı hələ ki, yoxdur”.

Nazirlik rəsmisi bir daha xatırladıb ki, pandemiya davam etdiyindən ehtiyat tədbirlərini əldən vermək olmaz:

“Xəstə insanlar gördükdə, onlarla təmasda olduqda, eləcə də kütləvi tədbirlərdə iştirak etdikdə mütləq şəkildə qoruyucu maskalardan istifadə zəruridir. Həmçinin gigiyenik qaydalara riayət etmək məsləhətdir”.

O, həmçinin ölkədə yenidən sərt karantin rejimi qaydalarının tətbiqinə əsas verən artımların olmayacağına ümid edib.

Qeyd edək ki, son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında nisbətən artım müşahidə olunur.

Bənzər yazılar

Back to top button