AnalitikaDünyaManşet

“Böyük iyirmilər” iki qrupa bölünüb (ŞƏRH)

İndoneziyanın Bali şəhərində “böyük iyirmilərin” xarici işlər nazirlərinin görüşü başlayıb. “Böyük iyirmilər”də Rusiya da təmsil olunub. Bu səbəbdən “böyük iyirmilər” iki qrupa bölünüb. Birinci qrupda Rusiyanı boykot edənlər, ikinci qrupda Rusiyanın tərəfdaşları yer alıblar.

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə görə toplantıya qatılan xarici işlər nazirlərinin bir qismi rusiyalı həmkarlaryla görüşməyəcəklər. Qərb ölkələrinin bir qismi hətta Rusiyanı “böyük iyirmlər”dən uzaqlaşdırılmasını təklif ediblər. Böyük Britaniya, Almaniya, Fransa, Kanada, ABŞ, İtaliya və Yaponiyanın xarici işlər nazirləri rusiyalı həmkarlarıyla bir masada oturmamaq üçün ev sahibinin təşkil etdiyi ziyafətdə iştirak etməyiblər.

Buna baxmayaraq, bir qisim ölkə bunun əleyhinə çıxaraq Rusiyanın tam təcrid edilməsinin doğru olmadığı qənaətindədir. “Böyük iyirmilər” adətən qlobal mövzuları müzakirə edirlər. Böyük dövlətlərin nazirləri dünyadakı iqtisadi problemi və pandemiya ilə mübarizənin hazırki durumu ətrfaında fikir mübadiləsi aparırlar. Qərb ölkələri Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibənin dayandırılmasını tələb etsələr də, bunu rusiyalı nazirin iştirakıyla müzakirəsini mümkün hesab etmirlər.
Nazirlər ikitərəfli görüşlər də həyata keçirirlər. Rusiyanın xarici işlər naziri çinli və türkiyəli həmkarlarıyla görüşüb. Sergey Lavrov ilk görüşü çinli həmkarı Van Yi ilə keçriməklə Moskva-Pekin münasibətlərinin strateji əhəmiyyət kəsb etdiyini vurğulamağa çalışıb. Kreml Çini yanında tutmağa çalışır. Ancaq bu asan deyil. Çünki Pekin Kremldən fərqli olaraq Qərblə bütün körpülərini yandırmaq istəmir. Çin lideri Tsi Sinpinin koronavirus bəhanəsi ilə Moskvaya səfərdən itmina etməsi Kremlin narahatlığına səbəb olub.

Sergey Lavrov türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə görüşdə Ukraynadakı və Qara dəniz ətrafındakı vəziyyəti müzakirə edib. Ankara əvvəlkitək Ukrayna taxılının təhlükəsiz şəraitdə dünya bazarlarına çıxarılmasını təmin etməyə çalışır. Hələ ki, bu alınmır. Rəsmi Kiyevin son zamanlar Türkiyəyə münasibəti bir qədər dəyişib. Kiyev şübhələnir ki, Rusiya Ukraynadan oğurladığı taxılı Türkiyənin limanlarına daşıyır və guya Ankara buna göz yumur. Bu məsələ ilə bağlı Türkiyənin səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağrılıb. Ukraynanın Türkiyədəki səfiri də son zamanlar iki ölkə arasındakı münasibətlərdə suallar yaradan məqamlara toxunub. Kiyev Ankaranın Moskva ilə dialoqu davam etdirməsindən narahatdır. Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayıb. Bunun siyasi və iqtisadi səbəbləri var.

Beləliklə, “böyük iyirmilərin” toplantısı sadəcə simvolik əhəmiyyət daşıyır. “Böyük yeddilər”də fikir birliyi mövcuddur və orada ortaq qərarlar qəbul etmək asandır. “Böyük iyirmilər” də Rusiya və Çinin iştirakı ortaq qərarların qəbulunu çətinləşdirir.

“Atlas” Araşdırmalar Mərkəzi

Bənzər yazılar

Back to top button