Dünya

ABŞ Rusiyanı Ukrayna taxılının oğurluğuna son qoymağa çağırır

Cümə axşamı Vaşinqton Rusiyanı Ukrayna taxılının “oğurlanmasını” dayandırmağa çağırıb, buna görə ABŞ-ın rusları məsuliyyətə cəlb etmək niyyətində olduğunu bildirib, xəbəri Turan-ın Amerikadakı müxbiri verib.

Dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Daq Cons Vaşinqtonda keçirilən brifinqdə bildirib ki, Rusiyanın Ukraynaya səbəbsiz hücumu və taxıl ixracına mane olması səbəbindən dünyada ərzaq təhlükəsizliyi pisləşir.

Kreml dinc qonşusuna qarşı “təhdid və güc tətbiq edir”, Ukraynada vəhşiliklər törədir.

“Bu səbəbdən NATO öz müdafiə konsepsiyasını uyğunlaşdırmalı oldu. NATO-nun alyansa daxil olmağa can atan Gürcüstan, Ukrayna, Bosniya və Herseqovina kimi ölkələrlə tərəfdaşlıq münasibətləri var. Alyans həmçinin bu münasibətlərin genişləndirilməsi haqqında qərar qəbul edib”, deyə o əlavə edib.

Cons həmçinin Qərbin Rusiyaya qarşı sanksiyaları haqqında danışıb, onların Rusiya iqtisadiyyatına “təsir etdiyini” bildirib və məhdudlaşdırıcı tədbirləri genişləndirməyi vəd edib.

Vaşinqton təkcə mövcud sanksiyaları qüvvədə saxlamaqla deyil, həm də onları genişləndirməklə və gücləndirməklə Rusiyaya iqtisadi təzyiqi davam etdirəcək, deyə məmur əlavə edib.

NATO sammitindən sonra ABŞ və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında suala cavabda Cons deyib ki, prezident Bayden Türkiyənin F16 qırıcı təyyarə parkının yenilənməsində və müasirləşdirilməsində ABŞ Konqresi ilə əməkdaşlığa hazırdır. “Administrasiya Türkiyənin müasirləşməsini dəstəkləyir”, deyə o bildirib.

Bənzər yazılar

Back to top button