Cəmiyyət

“Ağsaqqaların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq Forumu” keçirilib

İyulun 8-də Beynəlxalq Muğam Mərkəzində “Ağsaqqaların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq Forumu” keçirilib.

Ölkə.az xəbər verir ki, Forumda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək ağsaqqalların və veteranların cəmiyyətdəki roluna diqqət çəkib, onların təmsil olunduğu QHT-lər arasında əməkdaşlığın genişlənməsinin zəruriliyinə toxunub. Vüsal Quliyev qeyd edib ki, hər zaman olduğu kimi, bu gün də cəmiyyətimizdə ağsaqqal sözünə, ağsaqqal məsləhətinə ehtiyac var: “Ağsaqqallar öz dünyagörüşündən, həyat və mübarizə təcrübəsindən istifadə edərək gənclərə yol göstərməli, onların milli maraqlarımız, Vətənin və xalqın mənafeyinə naminə daha sıx birləşməsini təmin etməlidir. Bunun üçün ağsaqqalların və veteranların təmsil olunduğu QHT-lər arasında əməkdaşlığın güclənməsi, onların ictimaiyyətlə təmaslarının daha da genişlənməsi, bu qurumların gənclərlə daha aktiv iş aparmasına ehtiyac var”.

V.Quliyev ağsaqqaların və veteranların təmsil olunduğu QHT-lərin cəmiyyətimizi narahat edən bir sıra problemlərin həllində fəallıq nümayiş etdirməsinin əhəmiyyətinə də toxunub: “Bu gün ölkəmizin müxtəlif bölgələrində məişət zorakılığı, qızların təhsili, erkən nikahlar və s. problemlərlə mübarizədə ağsaqqallarımız və veteranlarımız fəal rol oynamalı, geniş maarifləndirmə və təbliğat işi aparmalıdırlar. Göstərilən məsələlər yerlərdəki təşkilatların fəaliyyətində prioritet olmalıdır”.

Şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara dövlət tərəfindən daim qayğı və diqqət göstərildiyini qeyd edən sektor müdiri, bu siyasətin bundan sonra da davam edəcəyini bildirib. Vüsal Quliyev bildirib ki, şəhid ailələri və veteranlarla bağlı əlaqədar qeyri-hökumət təşkilatlarının da öz işini genişləndirməsi, öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qurması zəruridir.

Bənzər yazılar

Back to top button